Masallıda Sənaye Məhəlləsi yaradılacaq

Masallıda Sənaye Məhəlləsi yaradılacaq

Dövlət başçısı Nazirlər Kabinetinə tapşırıq verib.

Azərbaycan prezidenti İlham Əliyev Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Masallı Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı və emalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq.

Masallı Sənaye Məhəlləsinin idarə olunmasını, inkişafını, fəaliyyətinin təşkilini və tənzimlənməsini “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti həyata keçirəcək.

Nazirlər Kabinetinə Masallı Sənaye Məhəlləsinin fəaliyyəti üçün Masallı rayonu ərazisində 10 hektar torpaq sahəsinin ayrılması və icarəyə vermək hüququ ilə “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin daimi istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində zəruri tədbirlər görmək və bu barədə prezidentə məlumat vermək tapşırılıb.

İqtisadiyyat Nazirliyinə Masallı Sənaye Məhəlləsinin xarici və daxili infrastrukturunun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görmək həvalə olunub.

0
22