Nazirlikdən dopinq qalmaqalı ilə bağlı – RƏSMİ AÇIQLAMA

Nazirlikdən dopinq qalmaqalı ilə bağlı – RƏSMİ AÇIQLAMA

“Dopinqdən istifadə olunacağı təqdirdə, cinayət işinin açılması maddəsi də öz əksini tapacaq”.

Gənclər və İdman Nazirliyi Azərbaycanın 6 ağırlıqqaldıranın dopinqə düşməsi ilə bağlı açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Oxu.Az-a bildirib ki, əfsuslar olsun ki, 6 ağırlıqqaldıranımız (Əliquluzadə Elxan, Anqelova Silviya, Quliyev Firidun, Xristov Valentin, Zairov İntiqam – hər biri 8 və Dadaşbəyli Dadaş - 4 il) dopinqə düşərək diskvalifikasiya olunublar. 

Gənclər və İdman Nazirliyi daim dopinqlə mübarizə aparan və idmançıları bu istiqamətdə mütəmadi olaraq maarifləndirən bir qurum olaraq bildirir ki, Azərbaycan Hökuməti Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır:

“Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Hökuməti Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir.

Qanunda bir sıra maddələrlə yanaşı, eyni zamanda dopinqdən istifadə olunacağı təqdirdə, idmançı və məşqçiyə cinayət işinin açılması maddəsi də öz əksini tapacaq.

Qeyd edək ki, dopinqlə mübarizə məqsədi ilə 10 ildən artıqdır ki, Gənclər və İdman Nazirliyinin nəzdində dopinqlə mübarizə şöbəsi yaradılıb.

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, nazirlik MDB ölkələri arasında idmançıların dopinq nümunələrini mütəmadi olaraq yoxlamağa göndərən ölkələr arasında ilk üçlükdədir”.

Nazirliyin nümayəndəsi vurğulayıb ki, idmançıların təlim-məşq toplanışlarına qatılması, yarışlara ezam olunması baş məşqçi tərəfindən aparılır:

“Federasiyalar, ilk növbədə, idmançılar üzərində nəzarəti daha da möhkəmləndirməli, mütəmadi şəkildə idmançıların dopinq müayinələrinin aparılması üçün nazirliyə müraciət etməlidir.

Diqqətə çatdırmaq istərdim ki, biz nazirlik olaraq, öz növbəmizdə, bütün federasiyalara dopinq yoxlamaları ilə bağlı yeniliklər, tərkibində dopinq olan yeni dərman ləvazimatlarının siyahısını mütəmadi təqdim edirik. 

Bütün lazımi işlərin aparılmasına baxmayaraq, əfsuslar olsun ki, bəzi hallarda diqqətsizlik nəticəsində içilən hansısa maye və ya yemək idmançının dopinqə düşməsinə səbəb ola bilər. 

Bu səbəbdən idmançıları çəkdikləri zəhmətin bəhrəsinin hədər getməməsi məqsədi ilə maksimal dərəcədə diqqətli olmağa çağırırıq. Biz baş verən bu hadisə ilə bağlı çox narahatıq və bu istiqamətdə lazımi tədbirlər görüləcək”.

Nazirliyin sözçüsü qeyd edib ki, Beynəlxalq Federasiya tərəfindən bu barədə qərarın verilməsinə baxmayaraq, idmançıların apellyasiyaya verərək öz hüquqlarını müdafiə etmək imkanı var. Gənclər və İdman Nazirliyi Ağırlıq Qaldırma Federasiya ilə bu istiqamətdə işlər aparır.

0
16