Azərbaycanın bu idmançıları 8 il yarışlara buraxılmayacaq - SİYAHI

Azərbaycanın bu idmançıları 8 il yarışlara buraxılmayacaq - SİYAHI

Ağırlıqqaldırma üzrə Azərbaycan milli komandasının üzvləri Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən cəzalandırılıb. Apasport.az-ın məlumatına görə, bu barədə qurumun rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, ötən ilin noyabrında ABŞ-ın Hyuston şəhərində keçirilmiş dünya çempionatında dopinq testdən keçə bilməyən millimizin 6 üzvü haqqında qərar qəbul edilib.

Qərara əsasən, Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov və İntiqam Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq.

Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.

Əliquluzadə, Quliyev və Xristovdan yalnız istifadəsi qadağan olunmuş nandrolon aşkarlanıb. Angelova və Zairovdan nandrolondan əlavə, dehidroxlorometiltestosteron, Dadaşbəylidən isə nandrolonla yanaşı, qanında boldenon aşkarlanıb.  

Qeyd edək ki, Valentin Xristov həmin çempionatda bürünc mükafat qazanmışdı. Bu qərardan sonra onun medalı əlindən alınıb.

0
18