Azərbaycan xalçaları beynəlxalq festivalda

Azərbaycan xalçaları beynəlxalq festivalda

Gürcüstan Mədəniyyət Nazirliyi və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə, Gürcüstan Xalq və Tətbiqi İncəsənət Muzeyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi, Gürcüstan Milli Muzeyi və İpək Muzeyinin təşkilatçılığı ilə Axaltsixedəki Rabat qalasında beynəlxalq xalça festivalının rəsmi açılışı olub. Tədbirdə  Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyinin regional proqram departamentinin direktoru Ana Riabaşenko və Axaltsixe bələdiyyə başçısı Georgi Kopadze  iştirak edib. Tədbirdə Gürcüstan, İspaniya, İran, Azərbaycan, Latviya, Böyük Britaniya, Qırğızıstan, Türkiyə və digər ölkələrdən gələn xalça ustaları, rəssamlar iştirak ediblər.

Festivalda 20 pavilyonda xalçaların sərgisi təşkil olunub. Xalça festivalı çərçivəsində iştirak edən muzeylərin rəhbərliyi və xalça ustadlarına təhsil proqramları təşkil olunub.

Dünəndən başlayan “Xalça mədəni irsi yaddaş kimi” adlı simpozium bu gün də davam etdirilib. Simpoziumda Azərbaycanın xalçaçılıq üzrə alimləri də çıxış ediblər. Tədbirdə sənədli filmlər və xalçaçılıq üzrə ədəbiyyat nümayiş olunub, təqdimatlar, mühazirələr, təbii boyama və əl üsulu ilə toxunan xalçaların toxunmasında əmələ gələn problemlər barədə müzakirələr aparılıb.

Festivalda Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinə ayrılan pavilyonda Azərbaycan xalçaları nümayiş etdirilib. Tədbirdə həmçinin Qarabağ, Qazax, Borçalı, Təbriz, Qaraçöp və digər bölgələrdə toxunan müxtəlif çeşidli xalçaların sərgisi də keçirilib. Azərbaycanı təmsil edən sərgiyə Gürcüstanda akkreditə olunan İran, Böyük Britaniya, Qırğızıstan, Türkiyə və ABŞ səfirləri baxış keçiriblər.

Beynəlxalq Xalça Festivalında Gürcüstan Mədəniyyət Nazirliyi və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyi ilə “Art Bridge” Kavkaz Jazz Festival: 2016 final qala-konserti keçirilib.

Sabah tədbir davam edəcək.

0
29