Mühəndis-İstehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib – FOTO

Mühəndis-İstehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib – FOTO

Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana uyğun olaraq Silahlı Qüvvələrin Mühəndis-istehkam Qoşunlarının döyüş hazırlığı təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd mürəkkəb əməliyyat şəraitində hərbi əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi ilə bağlı komandirlərin bacarığını və bölmələrin idarə edilməsini praktiki fəaliyyətdə yoxlamaq, qərargahların döyüşə hazırolma dərəcələrinə gətirilmə vərdişlərini təkmilləşdirmək, yaranmış şəraitə uyğun əsaslandırılmış qərar qəbul etmək, vəziyyəti qiymətləndirməkdir.

Həmçinin şəxsi heyətin bölmələr tərkibində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı onların mənəvi-psixoloji dözümlülüyünü artırmaq da əsas məqsədlərdən olub.

Plana əsasən, əvvəlcə hərbi hissə döyüşə hazır vəziyyətə gətirilib və əməliyyatın mühəndis təminatının yerinə yetirilməsi üzrə tapşırıqlar məşq edilib.

Bölmələr birbaşa təyinatları üzrə praktik məşğələdə iştirak edib, şəxsi heyətə xüsusi avadanlıq, mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika və vasitələr barədə məlumat verilib. Burada tank körpüquranları, maneələğvetmə texnikası, partlamayan maneələr və mühəndis döyüş sursatlarının yeni növləri nümayiş edilib. Həmçinin ponton-körpü salmaqla su maneələrinin keçilməsi, maneələğvetmə və mühəndis yol bölmələri tərəfindən mina sahələrində əl və partlayış üsulu ilə keçidlərin açılması, məftil maneələrin dəf edilməsi və s. praktiki olaraq yerinə yetirilib. 

Bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.

Təlim müvəffəqiyyətlə başa çatdıqdan sonra fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

0
19