SOCAR və Gürcüstan İdman Nazirliyi əməkdaşlıq edəcək

SOCAR və Gürcüstan İdman Nazirliyi əməkdaşlıq edəcək

Memorandum müxtəlif idman növlərini əhatə edəcək.

SOCAR-la Gürcüstan İdman və Gənclərlə İş üzrə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb. 

Oxu.Az-ın xəbərinə görə, bu barədə Report-a “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, memorandumun imzalanmasında məqsəd tərəflər arasında idmanı inkişaf etdirməkdir.

“Uzun illərdir əməkdaşlıq edirik. Bu əməkdaşlığın bir daha təsdiqi kimi nazirliklə iş və koordinasiyanı nəzərdə tutan memorandum imzalamışıq. Əməkdaşlıq müddəti 2016-2017-ci illər üçün nəzərdə tutulub”, - deyə M.Məmmədov bildirib.

M.Məmmədov əməkdaşlığa görə heç bir maliyyə ödənilməyəcəyini də bildirib.

“Maliyyə məsələləri ilə bağlı hələ dəqiq heç nə yoxdur. Ola bilsin ki, gələcəkdə nəsə müzakirə olunsun. Sadəcə, qarşılıqlı əməkdaşlıq memorandumudur. Biz Gürcüstanda ən iri şirkətlərdən və ən iri vergi ödəyicilərindən biriyik. Bu səbəbdən, xırda təşkilatlarla yox, böyük qurumlarla, nazirliklərlə əməkdaşlıq edir, memorandum imzalayırıq”, - deyə M.Məmmədov vurğulayıb.

Baş direktor bu memorandumun müxtəlif idman növlərini əhatə edəcəyini də əlavə edib.

Qeyd edək ki, memorandumu SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Tariel Xeçikaşvili imzalayıb.

0
37