Azərbaycan musiqiçiləri Astanada beynəlxalq festivalda iştirak edib

Azərbaycan musiqiçiləri Astanada beynəlxalq festivalda iştirak edib

“Cəngi” estrada folklor ansamblı Qazaxıstanın Astana şəhərində keçirilən “Astana Axşamları” beynəlxalq festivalında iştirak edib.

APA-nın xəbərinə görə, X yubiley festivalının bağlanış günündə Sülh və Əmin-Amanlıq Sarayında keçirilən konsertdə “Cəngi” qrupu Azərbaycan muğamı və cazın sintezindən ibarət musiqi parçaları ifa edib. Azərbaycanlı musiqiçilərin ifasını konsert zalında 800-ə yaxın tamaşaçı izləyib.

“Astana Axşamları” beynəlxalq festivalı Qazaxıstanın “Deqdar” humanitar fondu tərəfindən JTI şirkətinin dəstəyi ilə hər il keçirilir.

1-7 iyun tarixlərində keçirilən builki festivala ABŞ, Almaniya, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan musiqiçiləri qatılıblar. 2014-cü ildə Azərbaycan muğam ifaçıları da JTI şirkətinin dəstəyi ilə bu festivalda iştirak edib. Bu il isə Azərbaycan musiqiçilərinin festivalda iştirakı “Deqdar” fondu ilə Beynəlxalq Muğam Mərkəzinin əldə etdiyi razılaşma əsasında mümkün olub.

“Cəngi” estrada folklor ansamblı 1992-ci ildə məşhur cazmen, pianoçu və bəstəkar, Azərbaycanın xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb.

0
17