İlham Əliyev: BMT-nin qətnamələri bizə gəldikdə kağız üzərində qalır

İlham Əliyev: BMT-nin qətnamələri bizə gəldikdə kağız üzərində qalır

“Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir”.

1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi əldə olunandan bəri biz sülh şəraitində yaşayırıq. Lakin bu sülh kövrəkdir və təmas xəttindəki son hadisələr göstərir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə dondurulmuş deyil və bu münaqişə həll olunmalıdır.

Oxu.Az-ın məlumatına görə, bunu prezident İlham Əliyev iyunun 7-də Berlində Azərbaycan-Almaniya İqtisadi Forumunun açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, aprelin əvvəlində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədib. 

“Biz cavab verməli, mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi və hərbi mövqelərimizi müdafiə etməli olduq. Apreldəki toqquşmaların nəticələri göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət etmək və status-kvonu dəyişməz saxlamaq iqtidarında deyil. 

Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir. ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur. Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri kimi Almaniya da bu bəyanatla çıxış edib. 

Nazir Ştaynmayer status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan edib. Bu, nə deməkdir? Status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasının başlanması deməkdir. Azərbaycanın torpağı olan Dağlıq Qarabağ və digər 7 rayon 20 ildən artıqdır ki, işğal edilib. Hər şey dağıdılıb, biz etnik təmizlənməyə məruz qalmışıq, bütün azərbaycanlılar o ərazilərdən qovulub, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib”, - prezident deyib.

İlham Əliyev bildirib ki, hazırda bir çox Avropa ölkələrində miqrantlarla bağlı böyük narahatlıq müşahidə olunur. 

“Siz təsəvvür edə bilərsinizmi ki, müstəqilliyimizin ilk illərində, biz yoxsul, qeyri-mütəşəkkil olanda, inkişaf üçün heç bir vəsaitimiz olmayanda belə humanitar fəlakətlə üzləşmişdik. 

Həmin dövrdə sayı 8 milyon olan əhalinin bir milyonu evsizə çevrilmişdi. Beynəlxalq təşkilatlar miqrant məsələsi ilə məşğul olur, biz bunu dəstəkləyir və qiymətləndiririk.

BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin onlara əməl edilmir və əməlolunma mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik. 

Çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Başqa sözlə, münaqişənin Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə, proqnozlaşdırıla bilməsinə və iqtisadi inkişafına xidmət edəcək. 

Bu ağır yükə baxmayaraq, Azərbaycan uğurlu inkişafa nail oldu. Bu il 25 illiyini qeyd edəcəyimiz müstəqillik onu göstərir ki, biz öz dəyərlərimiz, baxışımız, ənənələrimiz və güclü, müstəqil, suveren dövlət yaratmaqla bağlı planlarımıza əsasən yaşaya bilirik. Bu illər transformasiya – siyasi və iqtisadi transformasiya illəri oldu”, - Azərbaycan prezindenti əlavə edib.

0
17