İlham Əliyev Kadırovun şəxsi nümayəndəsini qəbul edib

İlham Əliyev Kadırovun şəxsi nümayəndəsini qəbul edib

Dövlətimizin başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 8-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şəxsi nümayəndəsi Adam Delimxanovu qəbul edib.

Oxu.Az xəbər verir ki, Adam Delimxanov Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun salamlarını dövlətimizin başçısına çatdırdı. Ramzan Kadırovun və bütün çeçen xalqının ölkəmizdə əldə olunan uğurlara görə Prezident İlham Əliyevə dərin hörmət bəslədiklərini deyən qonaq Azərbaycanın nailiyyətlərinə sevindiklərini bildirib. 

O, Azərbaycanın Milli bayramı - Respublika Günü və Ramazan ayının başlanması münasibətilə təbriklərini çatdırıb. 

Qonaq Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd edib.

Dövlətimizin başçısı Azərbaycan və çeçen xalqları arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayıb. 

Çeçenistanda gedən böyük inkişaf proseslərinə toxunan Prezident İlham Əliyev bu uğurlu inkişafın, sabitliyin və əmin-amanlığın önəmini qeyd edib. Çeçenistandakı inkişafın ölkəmizdə maraqla izlənildiyini deyən dövlətimizin başçısı əldə edilən uğurlar münasibətilə çeçen xalqına və şəxsən Ramzan Kadırova təbriklərini çatdırdı. 

Dövlətimizin başçısı müqəddəs Ramazan ayının başlanması münasibətilə çeçen xalqını təbrik edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin genişlənməsinə ölkəmizlə Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Çeçenistan Respublikası arasında əməkdaşlığın öz töhfəsini verdiyini bildirdi.

Prezident İlham Əliyev Ramzan Kadırovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çeçenistan Respublikasının başçısına çatdırmağı xahiş etdi.

0
14