Daha bir rusiyalı müğənni Azərbaycan xalqından üzr istədi

Daha bir rusiyalı müğənni Azərbaycan xalqından üzr istədi

Klavyerin adı “qara siyahıdan” çıxarılıb.

Rusiya Federasiyasının vətəndaşı, müğənni, aktyor və bəstəkar, “Чай вдвоем” qrupunun keçmiş üzvü Denis İliç Klyaver Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Oxu.Az-a XİN-nin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, məktubunda D.Klyaver Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib.

O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, D.Klyaver Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.

D.Klyaver həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

D.Klyaverin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

0
15