Salyanın siması dəyişilir – FOTO

Salyanın siması dəyişilir – FOTO

200 nəfərdən yuxarı yerli sakin cəlb olunaraq işlə təmin olunub.

Son aylar Salyan şəhərində abadlıq və quruculuq işləri geniş vüsət alıb. Şəhər sanki tikinti meydançasını xatırladır. 

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, Salyan RİH-in tikinti və memarlıq şöbəsinin müdiri Teyyub Hüsenov bildirdi ki, Salyanda son vaxtlar görülən ən vacib iş şəhərin su sisteminin Şirvan-Muğan qrup su kəmərinə qoşulması üçün aparılmış və hazırda başa çatmaqda olan işlərdir.

Belə ki, yaxın günlərdə bu işlər başa çatdıqdan sonra Salyan şəhərində 12 min nəfər abonent fasiləsiz olaraq ekoloji cəhətdən yüksək keyfiyyətli içməli su ilə təmin olunacaq. 

Bundan başqa, hazırda Salyan Rayon Tarix Diyarşünaslıq Muzeyində əsaslı yenidənqurma işləri , Salyan Rayon Mərkəzi Kitabxanasında isə müasir üslubda təmir-tikinti işləri aparılır.

Şəhərin küçə və meydanlarında da abadlıq işlərinə başlanılıb. Belə ki, böyük şəxsiyyət Əlibəy Hüseynzadənin adını daşıyan meydanın örtük daşları yeniləri ilə əvəz olunur, yeni dekorativ ağaclar əkilir, işıqlandırma sistemi yenidən qurulur.

Şəhərin T.Davudzadə küçəsi isə başdan-başa abadlaşdırılmağa başlanılıb, divarlara daş üzlüklər çəkilir, səkilərə yüksək keyfiyyətli örtüklər vurulur, yol kənarlarında su ötürücüləri inşa olunur.

Rayonda tarixi abidə kimi tanınan, I əsrdən artıq yaşı olan, 1914-cü ildə yerli sahibkar Ağahüseyn Hüseynov tərfindən inşa olunmuş binanın fasadında bərpa işləri aparılır. Bundan başqa, “Plastik” yaşayış massivindəki çoxmərtəbəli binaların damlarına da yeni suötürücüləri quraşdırılır.

Salyan şəhərində aparılan tikinti-abadlıq işlərinə ümumilikdə 200 nəfərdən yuxarı yerli sakin cəlb olunaraq işlə təmin olunub.

Xatırladaq ki, bu il martın 4-də prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.

0
16