“DəmirBank” komada olan hərbçimizin kredit borcunu bağışladı

“DəmirBank” komada olan hərbçimizin kredit borcunu bağışladı

“Belə anlarda xalq olaraq birlik nümayiş etdirməli və bir-birimizə dəstək olmalıyıq”.

“Dəmirbank” Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış və hazırda komada olan hərbçimizin kredit borcunu bağışlayıb.

Oxu.Az xəbər verir ki, hadisə mətbuatda aprel döyüşlərində başından zədə alaraq komaya düşmüş hərbçimiz və onun ailəsinin ağır vəziyyəti, həmin hərbçimizin “DəmirBank”a kreditinin olması barədə məlumatlar yayıldıqdan sonra baş verib.

Mətbuata Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən aprel döyüşlərində başından ağır qəlpə yarası alaraq, hazırda komada olan gizir Tağıyev Rahim Qara oğlunun həyat yoldaşı müraciət edib.

Hərbçinin həyat yoldaşı mətbuata açıqlamasında hazırda ailənin çox çətin vəziyyətdə olduğunu, ipoteka borcunun, həmçinin “DəmirBank”a kredit borcunun olduğunu, həmin məbləğləri ödəyə bilmədiklərini bildirib.

“3 övladım var. Onlar məktəbə gedirlər. Hər gün aparıb-gətirirəm, Bakıya gəlməyə nə pulum, nə vaxtım olur. Üç uşağı saxlaya bilmirəm”, - deyə hərbçinin həyat yoldaşı bəyan edib.

Məsələ ilə bağlı Oxu.Az “DəmirBank”ın nümayəndəsi ilə əlaqə saxlayıb.

Bank nümayəndəsi məsələylə bağlı məlumatlı olduqlarını bildirib.

“DəmirBank”ın nümayəndəsi mətbuatda yuxarıda qeyd olunan yazıların dərc olunmasından sonra müvafiq araşdırma aparıldığını, həmin hərbçimizin bankda 2 kreditinin olduğunun aşkarlandığını və hər iki kredit borcunun artıq bağışlandığını qeyd edib.

“Fikrimizcə, belə anlarda xalq olaraq birlik nümayiş etdirməli və bir-birimizə dəstək olmalıyıq. Hər bir bank, şirkət, vətəndaş cəmiyyət qarşısında məsuliyyətini unutmamalıdır”, – deyə bankdan bildiriblər.

0
9