BP-də yeni azərbaycanlı vitse-prezident

BP-də yeni azərbaycanlı vitse-prezident

BP-nin hazırda Səngəçal Terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı (midstrim) əməliyyatlar üzrə vitse prezidenti təyin olunur. BP-dən Lent.az-a verilən məlumata görə, Z. Paşayev BP-nin Qlobal Əməliyyatlar Təşkilatının (apstrim üzrə), həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı (midstrim) əməliyyatların  təhlükəsiz, etibarlı və  səmərəli icrasına cavabdeh olacaq.

Z. Paşayev BP-nin digər bir regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur.

BP-də çalışdığı 18  il ərzində Z. Paşayev dənizdə və qurudakı əməliyyatlar sahəsində dərin təcrübə qazanıb. Səngəçal terminalının meneceri vəzifəsindən əvvəl o, dənizdə Şahdəniz və Çıraq platformalarının meneceri, ondan əvvəl isə ixrac boru kəmərləri üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.

Z. Paşayev Azərbaycan Neft Akademiyasını fərqlənmə diplomu ilə bitirib və onun mexanika mühəndisliyi sahəsində bakalavr dərəcəsi var. 2011-ci ildə Z. Paşayev ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnsitutunda  BP-nin Əməliyyatlar Akademiyasını bitirib.

O, Azərbaycanda neft və qaz sənayesinin inkişafına töhfəsinə görə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Evlidir, üç övladı var.  

0
22