Avro-2016: Komandaların qalib olmaq şansı nə qədərdir?

Avro-2016: Komandaların qalib olmaq şansı nə qədərdir? “Bu ilk təcrübədir. Komandaların sayı artıb. Görək, çempionatın 24 komanda ilə keçirilməsi hansı nəticəni verəcək. Yarışın marağını artıracaqmı, yoxsa maraqsız oyunların sayı çoxalacaqmı? İlk təcrübə olduğundan bunu indidən demək çətindir”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, “Qızıl top” sorğusunda Azərbaycanı təmsil edən Rasim Mövsümzadə deyib.   İyunun 10-dan etibarən bütün Avropanın diqqəti Fransaya yönələcək. Bir ay davam edəcək sayca 15-ci qitə çempionatında ən güclü 24 komanda mükafatlar uğrunda mübarizə aparacaq. Yarışın önəmini, marağını və iştirakçıların şanslarını dəyərləndirən R. Mövsümzadə öncə çempionatda say dəyişikliyi ilə bağlı fikirlərini açıqlayıb. Onun sözlərinə görə, Avropanın yarısı burada təmsil olunacağından yarışın maraqlı keçəcəyi gözlənilir: “Sürprizlərin və maraqlı nəticələrin olacağına ümid edirik. Fikrimcə, bol qollu bir çempionat izləyəcəyik”.   Avropa çempionatları əvvəl 4, sonra 8, ardınca 16 komanda ilə təşkil olunub. Apasport.az saytının əməkdaşı Ruslan Sadıqov çempionatda komandaların sayının 24-ə çatdırılmasını qrup mərhələsində ciddi rəqabətin olmayacağı ilə əlaqələndirib: “16 komandalı çempionat daha ideal idi. Say artımı istər-istəməz, xüsusən də, qruplarda bir sıra maraqsız oyunlara səbəb ola bilər. Məsələn, Macarıstan, Slovakiya, Şimali İrlandiya, Albaniya kimi yığmalar hansı məqsədlə gəldiklərini bəlkə özləri də bilmirlər. Final mərhələsinə yüksəlməklə hədəflərinə çatdıqlarını hesab edirlər. Bir növ iddiasız komandalar olacaqlar. Fikrimcə, Avropa çempionatında iddiasızlara yer yoxdur. Azarkeş kimi yanaşsaq, qrup mərhələsində Macarıstan - İslandiya və ya Rumıniya - Albaniya görüşü cansıxıcı bir matç ola bilər. 90 dəqiqə bu görüşləri izləmək azarkeş üçün böyük səbir tələb edir. Hesab edirəm ki, 4 ən yaxşı qrup üçüncülərinin də mərhələ adlayacağını nəzərə alsaq, hətta 1/8 finalda da nəticəsi öncədən bəlli olan bəzi cütlüklər yarana bilər”.   Avropa çempionatından danışarkən, ilk göz önünə gələnlərdən biri Hollandiyanın yarışı kənardan izləməsidir. R. Mövsümzadə “narıncılar”sız Avro-2016-nın hansı çalarlarını itirəcəyinə aydınlıq gətirib: “Elə rənglərinə uyğun narıncı çalarlarını itirəcək. Düzdür, onların iştirak etməməsi Avropa çempionatı üçün böyük itkidir. Amma burada əsas günahkar özləridir. İşlərinə bir qədər məsuliyyətli yanaşsaydılar, qrup oyunlarında rəqiblərinə yuxarıdan-aşağı baxmasaydılar, İslandiyanın, Türkiyənin və Çexiyanın onları keçməsi mümkün olmayacaqdı. Yəni qrupu lider kimi başa vura bilərdilər. Amma digər tərəfdən vurğulayaq ki, Hollandiya 2014-cü ildə keçirilən dünya çempionatı ilə müqayisədə bir qədər zəif təsir bağışlayırdı. Onlarda həmişə gənc, istedadlı oyunçular olub. Bu heyətlə iştirak etsəydilər belə, çempionata rəng qatardılar. Düşünürəm ki, onlarsız da çempionatda maraqlı oyunlar olacaq”.   Həmkarının fikri ilə razılaşan R. Sadıqov bildirib ki, Albaniya, Macarıstan, Şimali İrlandiya kimi komandalarla müqayisədə Danimarka və Bosniya və Herseqovinanın yarışa qatılmamağına təəssüflənməmək olmur.     Tarixində 6-cı dəfə seçmə mərhələyə qatılan Azərbaycan yığması bu dəfə də möcüzə etməyib, həlledici mərhələdən kənarda qaldı. Bu üzdən demək olar ki, bütün ölkəmiz qardaş Türkiyəyə azarkeşlik edəcək. R. Sadıqovun sözlərinə görə, İspaniya, Çexiya və Xorvatiya ilə birgə D qrupunda yer alan “ay-ulduzlular”ı heç də asan oyunlar gözləmir: “Təbii ki, hamımızın ürəyi Türkiyə ilə döyünəcək. Razıyam, çox güclü qrupa düşüblər. Amma etiraf edək ki, Türkiyə çətini sevən komandadır. Məncə, “ay-ulduzlular” son illərin ən güclü heyətinə malikdir. Buna qədər onlar Superliqada oynayan futbolçulardan təşkil olunurdu. Amma indi yığmanın liderləri Avropa klublarında söz sahibi olanlardır. Şanslara gəldikdə, qrupda yer alan İspaniya mənə görə turnirin 2 əsas favoritindən biridir. Onlardan əlavə, heyətində İvan Rakitiç, Luka Modriç kimi güclü futbolçulara malik Xorvatiya var. Bu qrupda Çexiyanı nisbətən zəif hesab edirəm. Çünki onlarda güclü gənc nəsil gəlmir, komanda daha çox veteranların ümidinə qalıb. İnanıram ki, Türkiyə ən pis halda, qrup üçüncüsü kimi mərhələ adlayacaq. Hər yarışa olduğu kimi bu turnirə də əlavə rəng qatacaq”.   Qonaqlar qrupları da dəyərləndiriblər. R. Mövsümzadənin fikrincə, A qrupunda ev sahibi Fransa lider kimi mərhələ adlayacaq: “Burada Albaniyanı heç də zəif saymıram və onlardan sürpriz gözləyirəm. Ola bilər ki, bu komanda qrupda hətta ikinci yeri tutsun”.   B qrupunun şanslarından danışan R. Sadıqov İngiltərəni aşkar favorit sayır. Onun sözlərinə görə, ingilislər Avropa çempionatına qatılan komandalar arasında ən güclü hücum xəttinə malik yığmadır. Həmkarımız ikinci yeri Uelsin tutacağına ümid edir: “Rusiyaya gəldikdə, onlardan böyük bir sürpriz gözləmirəm. Yeni nəsil özünü doğrulda bilmir və çempionatın ən yaşlı komandalarından biridir”.   R. Mövsümzadə C qrupunda da Almaniyanın rahatlıqla mərhələ adlayacağı qənaətindədir: “Burada ikinci yer üçün Ukraynanın şansı daha yüksəkdir. Üçüncü pillə də çox güman ki, Polşaya qismət olacaq. E qrupunda yer alan Belçika da çempionatın əsas favoritlərindəndir. Fikrimcə, İtaliyanın heyətində yaşlı oyunçular yer aldığından və vahid liderə malik olmadıqlarından komanda ikinci pilləni deyil, üçüncü pilləni tutacaq. Çünki ikinci yer üçün İsveç yığmasını daha şanslı görünürəm”.   R. Sadıqov F qrupunda yer alan Portuqaliyanın çox rahat qrupa düşdüyünü deyib. Lakin onları yalnız Kriştianu Ronaldodan asılı komanda sayan həmkarımız burada yer alan İslandiya, Avstriya və Macarıstanın bəxtinin gətirdiyi qənaətindədir. Onun sözlərinə görə, üçüncü səbətdən gələn Avstriya mərhələ adlamaq gücündədir.   Qonaqlar mükafatlara ən real iddiaçıların adlarını da çəkiblər. R. Mövsümzadə son dünya çempionu olan Almaniyanın fəxri kürsüdə yer alacağına inam ifadə edib: “2 il öncə dünya çempionu olan heyətin 61 faizini qoruyublar. Meydan sahibi Fransanın da çox güclü komandası var. Son 2 Avropa çempionatının qalibi İspaniyanı da unutmaq olmaz. Sürpriz edə biləcək bir komandanın adını da çəkim. Bu, İngiltərədir. Belçika və Ronaldolu Portuqaliyadan da nə isə gözləməyə dəyər”.   R. Sadıqov da ev sahibinin çempionluğuna inanır. O, bu fikrini Fransanın ev sahibliyi etdiyi turnirlərin bir çoxunu qələbə ilə başa vurması ilə əlaqələndirib: “Bu siyahıya İspaniyanı da əlavə edərdim. Bu komandanın heyətinə baxsaq, Çempionlar Liqasında və Avropa Liqasında sonadək oynayan futbolçulardır. Yorğunluq onlara mane olmasa, finala kimi irəliləyəcəyini düşünürəm. Əgər əvvəlki mərhələlərdə üz-üzə gəlməsələr, həlledici oyunda İspaniyanın Fransa ilə qarşılaşacağını proqnozlaşdırıram”. 
0
21