Samuxda oğrular bəxtsizlikdən şikayətləndilər – VİDEO

Samuxda oğrular bəxtsizlikdən şikayətləndilər – VİDEO

Qızıl bildikləri dəmir çıxdı.

Azərbaycanın Samux rayon sakinləri - 23 yaşlı Sahib Məlikzadə və 20 yaşlı Tural İbrahimovun törətdiyi cinayət rayonun Qarayeri qəsəbəsindən o tərəfə çıxmayıb. 

Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, Nazim Quliyevin mənzilindən 5800 rus rublu, iki ədəd mobil telefon, pensiya kartlarının oğurlanması barədə polisə etdiyi müraciət qısa zamanda həmyerlilərinin saxlanılması ilə nəticələnib.

Oğurluq haqqında baş müstəntiq İlqar Qəmbərov bildirib: 

“Ərizə əsasında Samux Rayon Polis Şöbəsində araşdırma aparılıb. Toplanan material əsasında tərəfimizdən cinayət işi başlanılıb. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən cinayət hadisəsini Samux rayonunun Qarayeri qəsəbə sakinləri Məlikzadə Sahib Həsən oğlu və İbrahimov Tural Tehran oğlu törədiblər. Hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib”.

Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar daha iki cinayətin üstünü açıb. Mehman Qurbanov və Qumru Mehtiyevaya məxsus mənzillərdən oğurluğu da bu iki şəxsin etdiyi təsdiqini tapıb. Baxmayaraq ki, ikincinin evindən əliboş çıxan “qəhrəmanlar”ın digər mənzildən qəniməti bir ədəd sırğa və pensiya kartı olub. Lakin qızıl bilib götürdükləri əşya metal çıxıb.

Tural İbrahimov - saxlanılan şəxs: 

“Mən məhəllənin ayağında gözlədim. Evlər görünmürdü. Sahib evə girdi və çıxdı. Dedi ki, gedək şəhərə, bunu sataq. Getdik şəhərə, mən maşında gözlədim. Gəldi ki, qızıl deyil, dəmirdir”.

Digər saxlanılan Sahib Məlikzadə isə oğurluq zamanı bəxtlərinin gətirməməsini təəssüf hissi ilə qeyd edir. Çünki etdikləri oğurluq əldə etdiklərinə dəyməzmiş.

Sahib Məlikzadə - saxlanılan şəxs: 

“3 evə daxil olmuşam. 2-dən heç nə götürə bilmədim. Ən birinci daxil olduğum evdən plastik kart, sırğa götürmüşəm. O da dəmir çıxıb. İkinci evdən də əliboş çıxmışam”.

Faktlar üzrə istintaqı davam etdirən Samux polisi saxlanılan şəxslərin digər bu kimi əməllərinin olduğunu istisna etmir. 

0
88