Bakı zooparkında yeniliklər - FOTO

Bakı zooparkında yeniliklər - FOTO

“Marallar bu ilin mayında daha iki bala veriblər”.

Fərqli heyvan və quşların qorunduğu Bakı Heyvanat Parkında on illərdir ki, Azərbaycan faunasının nadir rast gəlinən örnəkləri nümayiş etdirilir.

Mədəniyyət və Turizm Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, heyvanat parkının direktoru Azər Hüseynov bildirib ki, parkda ümumilikdə 150 növdən çox, 1200-ə yaxın irili-xırdalı, yırtıcı heyvanlardan tutmuş balıqlaradək canlılar yaşayır.

A.Hüseynov deyir ki, parkda olan bir cüt Qafqaz incə maralının da sayı artmaqdadır: 

“Bu cins marallar 8 il öncə parkımıza gətirilib. Marallar bu ilin mayında daha iki bala veriblər. Bununla da onların sayı 9-a çatıb. Bundan başqa, parkımıza 1999-cu ildə İrandan gətirilmiş şir, həmçinin parkda saxlanılan dəvə, kenqurular da bala verib. Ana kenqurulardan biri qəfildən öldü və biz onun balasını əlimizdə böyütdük. İnsan qayğısı ilə böyüyən bu heyvan tam əhliləşib. Onu da deyim ki, sayı artan bəzi heyvanların, xüsusilə də Qafqaz incə maralının təbiətə buraxılması haqqında düşünürük”.

Direktor gələn il Bakı Heyvanat Parkının 75 ilinin tamam olacağını vurğulayıb: 

“Bizə dəstək göstərilərsə, bu yubiley tədbirini beynəlxalq konfransla qeyd etmək istəyirik. Belə bir tədbirin keçirilməsi ölkəmizdə heyvanat aləminin qorunmasına, heyvan növlərinin artırılmasına, eyni zamanda təcrübə mübadiləsinin aparılmasına öz töhfəsini verə bilər”.

Qeyd edək ki, Bakı Heyvanat Parkı 2 yanvar 1942-ci ildə yaradılıb. Bakıda ilk zoopark isə 1928-ci ildə keçmiş Lunaçarski adına bağda (indiki Nizami parkı) kiçik guşə şəklində təşkil edilib.

Sonralar zoopark müxtəlif ərazilərə köçürülür və nəhayət, indiki məkana gəlib çıxır. Hazırda 4 hektardan çox ərazini əhatə edən Bakı Heyvanat Parkı 1995-ci ildən Avrasiya Regional Zooparklar Assosiasiyasının üzvüdür.

0
31