Dərbənd teatrı Bakıda

Dərbənd teatrı Bakıda

Dərbənd Azərbaycan Dövlət Dram Teatrı Azərbaycana qastrola gəlir. Teatrdan Lent.az-a verilən məlumata görə, qastrol çərçivəsində teatr Bakı, Xırdalan, Şirvan, Biləsuvar, Astara, Lənkəran şəhərlərində çıxış edəcək.

İyunun 7-i, saat 18:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Dərbənd Azərbaycan Dövlət Dram Teatrının Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırladığı “Ac həriflər” tamaşası nümayiş olunacaq. Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru ƏR-Toğrul, rejissor assistenti Hörmət Aslanov, quruluşçu rəssamı Naidə Əlimetova, musiqi tərtibatçısı Dağıstanın əməkdar artisti Sevda Bəybalayevadır.

Tamaşada rolları Dağıstanın əməkdar artisti Mahir Məlikov, Canpolat Əliyev, Hörmət Aslanov, Saladunxan Bədirxanov, Təhminə Ömərova, Məhərrəm Ömərov, Səidə Əliyeva, Diləfruz Şıxməmmədova, Rəhilə Ömərova ifa edirlər.

Tamaşa əsərdən fərqli şəkildə səhnələşdirildiyindən personajların adlarında dəyişikliklər edilib. Tamaşada hadisələr iki zaman müstəvisində - keçmişlə bu günün kəsişməsində baş verir. Süjetin əsas xəttini keçmiş və müasir dövrün qarşıdurması, oxşarlıqları və fərqlilikləri təşkil edir.

0
28