Türkiyə xalqından nəyi öyrənməliyik? – RƏY

Türkiyə xalqından nəyi öyrənməliyik? – RƏY

Xarici təhdid qarşısında qardaş ölkənin bütün qüvvələri bir mərkəzdə cəmləşməyi bacarırlar.

Qondarma “erməni soyqırımı” oyunu Almaniyanın daxili siyasətində gedən çirkin oyunun, artan İslamafobiya meyllərinin özünəməxsus göstəricisi idi.

İyunun 2-də Almaniya parlamenti “Ermənilərin və digər xristian azlıqların soyqırımının 101-ci xatirə ili” adlı qətnaməni qəbul etdi. Beləliklə, Bundestaqın üzvləri 1915-1916-ci illərdə Osmanlı İmperiyasında bütün xristianlara qarşı “soyqırım” törədildiyi, ermənilərlə yanaşı assuriyalılar, süryanilər, keldanilər kimi xristian azlıqların zərər gördüyü iddiasını rəsmən tanıdı.

Bu hadisə elə bir ölkədə baş verdi ki, orada qeyri-rəsmi məlumatlara əsasən, 8 milyondan artıq türk mənşəli insan yaşayır və bu ölkənin ən böyük diasporu Almaniyada formalaşıb. Həmçinin, parlamentdə hakim çoxluğu təşkil edən Sosial-Demokrat və Xristian-Demokratlar, eləcə də müxalifətdə olan Yaşıllar partiyasının tərkibində türk mənşəli deputatlar təmsil olunur.

Qətnamə layihəsi Bundestaqda müzakirəyə çıxarılmamışdan öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan preventiv tədbir kimi Almaniya kansleri Angela Merkelə telefon açdı və dərin narahatçılığını çatdırdı, eyni zamanda adıçəkilən prosesin gələcək fəsadları barədə xəbərdarlıq etdi.

Türkiyə XİN-i diplomatik kanallar vasitəsilə qarşı tərəfi inandırmağa çalışırdı ki, 101 il əvvəl baş verən hadisələrin “soyqırım” kimi tanınması Türkiyə-Almaniya münasibətlərinə ciddi təsir edəcək və bundan həm də Almaniya özü zərər görəcək.

Almaniyadakı türk diasporu öz növbəsində parlamentin ətrafında çoxminlik mitinqlər təşkil etdi, deputatlara kütləvi məktublar yollamaqla onları qətnamənin lehinə səs verməkdən yayındırmağa çalışdı. Bütün bu səylər cəmi bir deputatı qətnamə layihəsinin əleyhinə səs verməyə təşviq etməyə yetərli oldu. Səbəb çox sadədir: qatar artıq getmişdi, onu geri qaytarmaq mümkünsüz idi.

Əslində qondarma “erməni soyqırımı” burada səbəb deyil, bəhanə idi. Türkiyənin son gəlişmələr əsnasında ümum Avropa siyasətinə təsir imkanlarının artmasının fonunda şahmat oyunundakı ən aşağı statuslu fiqur kimi erməni amilindən istifadə edildi. Eyni zamanda qondarma “erməni soyqırımı” oyunu Almaniyanın daxili siyasətində gedən çirkin oyunun, artan İslamafobiya meyllərinin özünəməxsus göstəricisi idi.

Qardaş ölkənin ilk reaksiyası Keniyada səfərdə olan Ərdoğandan gəldi. O, keçirdiyi brifinqdə ölkəsinin atacağı ilk cavab tədbirini açıqladı: səfirimizi məsləhətləşmələr üçün geri çağırırıq. Türkiyənin Almaniyadakı səfiri Hüseyn Avni Karslıoğlu elə həmin axşam Ankaraya geri döndü.

Səfirin ölkəsində coşqu və qəhrəmancasına qarşılanma səhnəsi Türkiyə cəmiyyətinin beynəlxalq siyasəti və geosiyasi reallıqları anlamaqda nə qədər həmrəy olduğunu bir daha göstərdi.

Hətta Türkiyədəki əsas müxalifət partiyaları və AKP hakimiyyətini kəskin tənqid edən jurnalistlər belə bu qətnaməni pisləyən bəyənatlar verdilər, bunun siyasi sifariş olduğunu anladıqlarını etiraf etdilər. Bu həm də ona dəlalət edir ki, xarici təhlükə fonunda Türkiyə ictimaiyyəti dərhal birləşməyi bacarır və düşmənin daxildə deyil, xaricdə olduğunu dərk edir.

İndi gəlin bir anlıq təsəvvür edək ki, oxşar hadisə Azərbaycanla əlaqəli baş verib. Bizdə reaksiya necə olardı? Dərhal daxildə düşmən və günahkar axtarışına başlanılacaq və sonda adını politoloq və ya təhlilçi qoyan bəzi şəxslər bütün günahı Xarici İşlər Nazirliyi və səfirdə görəcəkdilər. Böyük ehtimalla ittihamın ilk maddəsi “fəaliyyətsizlik” və “cinayətin qarşısını ala bilməmə” olacaqdı, sonra daha dərinə gedərək ağır ittihamları səsləndirəcəkdilər.

Uzağa getməyə ehtiyac yoxdu, gəlin yaxın keçmişə nəzər salaq. Cari ilin 26 yanvarında Avropa Şurası Parlament Assambleyasının plenar iclasında ölkəmizlə bağlı iki məruzə müzakirə edilirdi və sonda məruzəçi Milisa Markoviçin hazırladığı “Azərbaycanın sərhədboyu ərazilərinin sakinləri qəsdən sudan məhrum edilib” adlı məruzə və müvafiq qətnamə layihəsi qəbul edildi.

Təəssüf ki, məruzəçi Robert Volterin hazırladığı “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması” adlı məruzə, eləcə də onun əsasında hazırlanmış qətnamə layihəsinin qəbul edilməsinə cəmi 5 səs çatmadı. Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi bu qətnaməyə qarşı bütün görünən və görünməyən resurslarını və hətta Avropa Parlamenti və AŞPA-da idarə etdikləri əlaltı deputatları belə işə saldılar.

Bununla belə, praktiki olaraq eyni dərəcədə əhəmiyyətli, məzmunca faktiki olaraq bir-birini təkrarlayan iki qətnamədən biri qəbul edildi. Qətnamənin mətnini belə oxumayan bəzi “vətənsevərlər” AŞPA-dakı deputatlardan birinə məktub parçası belə yazmaqda aciz olduğu halda, dərhal diplomatiyamızı uğursuzluqda ittiham etdi.

Ermənistan mətbuatının əsas istinad mənbəyinə çevrilən bu üzdəniraqlar düşmən ölkədə “ədalətli və doğrunu deyən” ekspertlər kimi tanınır. Onlar Ermənistan hakimiyyətinin əlində öz uğursuzluqlarını gizlətmək üçün əsl alətə çevriliblər. Rəsmi Yerevan hər dəfə öz məğlubiyyətini bu sapı özümüzdən olan baltaların açıqlamaları ilə kompensasiya edir.

İyunun 3-də Dünya Azərbaycanlılarının IV Qurultayında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev XXI əsrin informasiya əsri olduğunu, informasiya müharibələrinin bir alət, bir silah kimi artıq mövcudluğunu qeyd etdi və Azərbaycan həqiqətləri haqqında, əlbəttə ki, dünya ictimaiyyətinə geniş informasiya verilməli olduğunu tövsiyə etdi. “Bu gün erməni diasporu müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri çatdırmalıyıq”.

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursdan hər birimiz nəticə çıxarmalı, daxildə əsassız kabus axtarışına son qoymalı, informasiya müharibəsində diaspor, media, diplomatiya və bir sözlə, əli qələm və dili söz tutan hər bir vətənpərvər bu amal ətrafında birləşməlidir.

Həsən Həsənov

0
15