Şəhriyar Məmmədyarov “Shamkir Chess 2016” qalibi olub

Şəhriyar Məmmədyarov “Shamkir Chess 2016” qalibi olub

Bundan əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdu.

Azərbaycanlı şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi “Shamkir Chess 2016” beynəlxalq turniri Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa çatıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin iyunun 4-də keçirilən sonuncu turunda Şəhriyar Məmmədyarov yarışın lideri Aniş Qiri (Hollandiya) ilə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini məğlub edən Azərbaycan şahmatçısı turnirin qalibi adını qazanıb. 

9 gün davam edən mübarizədə həmyerlimiz Şəhriyar Məmmədyarov və İtaliya təmsilçisi Fabiano Karuana hərəyə 6 xal toplayaraq birinci-ikinci yerləri bölüşüblər. Birinci yerin qalibini müəyyənləşdirmək üçün tay-breyk keçirilib və superturnirin qalibi müəyyən edilib. Turnirin çempionu Şəhriyar Məmmədyarov olub.

Sonuncu turda Azərbaycanın dörd təmsilçisindən üçü qalib gəlib. Eltac Səfərli Hindistan təmsilçisi Pentala Harikrişnanı, Rauf Məmmədov çinli Hou Yifanı məğlub edib. Yalnız Teymur Rəcəbov rəqibi Pavel Elyanov (Ukrayna) ilə xalları yarı bölüb.

Digər qarşılaşmada isə rusiyalı Sergey Karyakin italiyalı Fabiano Krauana (ABŞ) ilə heç-heçə oynayıb.

Beləliklə, turnirin yekununa əsasən, Şəhriyar Məmmədyarov, Fabiano Karuana hərəyə 6 xal, Aniş Qirin 5,5, Sergey Karyakin 5, Rauf Məmmədov isə 4,5 xal qazanıb. Üç şahmatçı - Teymur Rəcəbov, Eltac Səfərli və Pentala Harikrişn aktivinə 4 xal yazdırıb. Pavel Elyanov 3,5, Hou Yifan isə 2,5 xal toplayıb.

Qeyd edək ki, “Shamkir Chess 2016” turniri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca üçüncü turnirdir. Bundan əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdu.

0
33