AÇ-2016: UEFA-dan xoruza qadağa

AÇ-2016: UEFA-dan xoruza qadağa

Fransa futbolunun simvolu olan xoruz Avropa çempionatı müddətində stadionlara buraxılmayacaq. Apasport.az saytının məlumatına görə, bu ölkədə təşkil olunan 1998-ci il dünya çempionatında məşhur olan Baltazar adlı xoruz 20 ilə yaxındı ki, Fransanın futbol rəmzi halına gəlmişdi.

Ancaq UEFA Baltazarın sahibi Klemen Tomaşevskiyə məktub göndərərək xoruzu stadiona gətirməməyi tapşırıb. Məktubu oxuyunca çox üzüldüyünü bildirən Tomaşevski “xoruzum milli komandanın rəmzi halına gəlmişdi. Ancaq təəssüf ki, onu stadiona apara bilməyəcəm, əgər Baltazarı buraxmırlarsa, mən də heç bir oyuna getməyəcəm” deyib.

20 ildir ki, bütün xoruzlarına Baltazar adı verərək bu ənənəni davam etdirən Tomaşevskiyə qoyulan qadağanın səbəbi kimi heyvanın insanlara və təhlükəsizlik güclərinə maneə yarada biləcəyi göstərilib.

Qeyd edək ki, Fransa Futbol Federasiyasının emblemində də qalya xoruzunun şəkli həkk olunub.

0
13