Qroznı küçələrindən biri Məhəmməd Əlinin adını daşıyacaq

Qroznı küçələrindən biri Məhəmməd Əlinin adını daşıyacaq

Çeçenistan Respublikasının başçısı vəzifəsini icra edən Ramzan Kadırov Qroznının küçələrindən birinə iyunun 3-də vəfat etmiş əfsanəvi boksçu Məhəmməd Əlinin adının verilməsinə dair qərar qəbul edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ramzan Kadırov  “Instagram” səhifəsində yazıb.

“Bu gün mən Məhəmməd Əlinin xatirəsini əbədiləşdirməyi qərara aldım. Mən onun adına boks zalı inşa edəcəm və Qroznının küçələrindən biri onun adını daşıyacaq”, - deyə  Ramzan Kadırov bildirib.   

Ramzan Kadırov  Məhəmməd Əlini “layiqli, alicənab və gözəl ailə başçısı” kimi xarakterizə edib.

Qeyd edək ki, bundan əvvəl  Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb. Xəbər verildiyi kimi, məşhur boksçu  naməlum təbii səbəbdən baş vermiş septik şokdan dünyasını dəyişib.

Bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də 74 yaşında ağciyər çatışmazlığından dünyasını dəyişib.

Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb və yalnız 5 görüşdə məğlub olub.

0
9