"Keçmişimizlə bağlı alnımız açıqdır" -Ərdoğan

"Keçmişimizlə bağlı alnımız açıqdır" -Ərdoğan

Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Almaniya Bundestaqının qondarma “erməni soyqırımı” barədə qərarını növbəti dəfə tənqid edib.

APA-nın məlumatına görə, bu gün Türkiyə İxracatçılar Şurasının 23-cü Qurultayında və ixracat çempionları mükafatlandırma mərasimində çıxış edən Ərdoğan deyib ki, dünyada soyqırımı məsələsində danışmaq hüququna malik ən sonuncu ölkə Almaniyadır.

Türkiyə prezidenti Almaniyanın türklərə qarşı belə bir ittihamla çıxış etməsinin məntiqə zidd olduğunu bildirib: “Burada məsələ ermənilərlə bağlı deyil, “erməni soyqırımı”ndan Türkiyəyə qarşı bir şantaj vasitəsi, dəyənək kimi istifadə edilir. Bizim keçmişimizlə bağlı alnımız açıqdır. Qərb ölkələrinin keçmişdəki cinayətlərinin siyahısını ortaya qoysaq, necə olar?! İkinci Dünya Savaşında Almaniyanın həyata keçirdiyi soyqırımından qaçanların bir qismini bir qəbul etdik. Almaniya parlamentinin bunlardan xəbəri varmı? Bizim keçmişimizlə bağlı utanacaq bir məsələ yoxdur. Bütün dünyaya səslənirəm ki, bizim erməni məsələsində mövqeyimiz birmənalıdır. Biz soyqırımı ittihamını qəbul etmirik. Birinci Dünya Müharibəsinin şərtləri altında Anadoluda asayişi qorumaq üçün bir sıra tədbirlər görülüb. Almaniya Bundestaqı bu qərarı qəbul edərkən hansı arxiv materiallarından istifadə edib? Əgər dürüstsənizsə, arxivlərimiz açıqdır, siz də açın. Ancaq buna ürəkləri yetmir, rəzil olacaqlarını bilirlər. Biz arxivlərimizi açmağa hazırıq, Ermənistan, Almaniya, Qərb ölkələri buna hazırdırmı?”.

Ərdoğan hazırda Türkiyədə 100 minə yaxın erməni olduğunu xatırladıb: “Bunların bir qismi Türkiyə vətəndaşıdır, bir o qədər də Türkiyə vətəndaşı olmayan ermənilər var. Əgər siz dediyiniz bir ölkə olsaydıq, o erməniləri niyə ölkəmizdə saxlayırıq, Avropanın  miqrantlarla bağlı etdiyi kimi o erməniləri Ermənistana göndərərdik. Türkiyə 3 milyon miqranta ev sahibliyi edir. Qarınlarının ağrısı başqadır. Buradan Almaniyaya, bütün Avropaya mesaj verirəm ki, ya gündəmdəki məsələləri həll edək, ya da Türkiyə miqrantlarla bağlı Avropa önündə səd olmağa son qoyar, siz də dərdlərinizlə baş-başa qalarsınız”.

0
6