Əli Həsənov: Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər

Əli Həsənov: Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər

“Hər birimizin ən böyük arzusu qələbə Qarabağımızın geri qaytarılması, torpaqlarımızın azad olunmasıdır”.

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.  

Oxu.Az xəbər verir ki, iclasın gündəliyinə Redaksiya Komissiyasının məlumatı, Qurultay sənədlərinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibinin müzakirəsi daxil edilib. 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyib: 

“Diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlı Vətəni sevir, onun problemləri ilə yaşayır. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa çatdıra bilmədilər”.  

Ə. Həsənov deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib:

“Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi bütövlüyünə qarşı təhdidə çevriləcək. Heydər Əliyev ortaya qoydu ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar o ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər. 

Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multikultural ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə bilər. O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə, dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq. Bizim fərqimiz budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz qurultayda da dünyaya bu mesajı vermək istəyirik.

Azərbaycanlılar öz aralarında münaqişələrə yol verməməlidir. Ayrı-ayrı vaxtlarda hansısa ölkələrdə tədbir keçirib, sonra dağılışıb getməməliyik. İşimizi sistemli görməliyik. İnformasiya əlaqələrimizi gücləndirməliyik, qlobal virtual məkana çıxmalıyıq. Bununla da dünya azərbaycanlılarının problemlərinin statistikası ilə məşğul olmalıyıq, problemlərini həll erməliyik”.
 
Ə. Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz aralarında birliyə nail olmalıdır: 

“Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa, milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə, xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına, mili maraqlarımızın təmini ilə bağlı aksiya və tədbirlərin keçirilməsinə nail ola bilərik. Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər.

Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi”.

Ə. Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı çatıb: 

“Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var”.

Ə. Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb: 

“Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarı soydaşlarımız üçün əsas olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun koordinasiyasını təmin etməlidir”.  
 
İclasda Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. 

Müraciətdə qeyd edilir ki, ötən qurultaydan keçən dövr ərzində Azərbaycan diasporu ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının alınması üçün hücum taktikasına keçib, fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması məqsədi ilə ortaq strategiya müəyyənləşdirilib, əhəmiyyətli görüşlər və forumlar keçirilib. 

Müraciətdə Azərbaycanın regionun lider dövlətə çevrildiyi bildirilir. Qurultay nümayəndələri qeyd ediblər ki, bu il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınıb, əks-həmlə ilə onu geri oturdan Azərbaycan ordusunun döyüş qabiliyyəti onları çox sevindirib: 

“Hər birimizin ən böyük arzusu qələbə Qarabağımızın geri qaytarılması, torpaqlarımızın azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik. Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması və təbliği, doğma Vətənin mili maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik”.

Sonra prezident İlham Əliyevin sədrliyi ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib. 

0
10