“Beynəlxalq Ətraf Mühit Günü” ilə əlaqədar dəyirmi masa təşkil edilib

“Beynəlxalq Ətraf Mühit Günü” ilə əlaqədar  dəyirmi masa təşkil edilib

Heydər Əliyev Mərkəzində.

BMT Baş Asambleyasının 1972-ci ildə qəbul etdiyi qətnamə ilə 5 iyun tarixi “Beynəlxalq Ətraf Mühit Günü” elan edilmişdi və həmin tarixdən etibarən hər il bu beynəlxalq gün dünyada qeyd olunur. BMT-nin Ətraf Mühit Proqramının (UNEP) qərarına əsasən “Beynəlxalq Ətraf Mühit Günü”nün 2016-cı il üzrə mövzusu “Vəhşi heyvanların qanunsuz ticarəti ilə mübarizə” müəyyən edilib. 

Oxu.Az xəbər verir ki, UNEP-in üzvü qismində IDEA İctimai Birliyinin təşəbbüsü ilə Heydər Əliyev Mərkəzində “Beynəlxalq Ətraf Mühit Günü”nü ilə əlaqədar, 2 iyun tarixində “Vəhşi heyvanların qaçaqmalçılığı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanlarının nümayəndələri, elm xadimləri, araşdırmaçılar, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirin gedişatında UNEP-in icraçı direktorunun “Beynəlxalq Ətraf Mühit Günü” ilə bağlı video müraciəti nümayiş olunub və vəhşi heyvanların qanunsuz ticarəti barədə arayış təqdim olunub.

Dəyirmi masa iştirakçıları dəyərli fauna növlərinin qlobal ticarətini təhlil etmiş və mənfəət məqsədilə nəsli kəsilməkdə olan heyvan növlərinin öldürülməsi və qaçaqmalçılığı probleminin ölkəmizə mümkün təsirlərini müzakirə ediblər.

IDEA-nın təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə “Qafqazın böyük beşliyi” - regionun nəsli kəsilmək təhlükəsi altında olan 5 əsas heyvan növü (bəbir, ceyran, qonur ayı, boz canavar və imperial qartalı) müəyyən edilib.

Ötən dövr ərzində IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi və beynəlxalq tərəfdaşlarla birlikdə bu dəyərli növlərin mühafizəsi ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirib. Nəticə etibarilə, bu növlərin mühafizə gücləndirilib, yaşayış arealları bərpa olunub və təbii artımı üçün əlverişli şərait yaradılıb.

Bununla belə, dünyada olduğu kimi ölkəmizdə də vəhşi təbiətin mühafizəsi səylərinə ən böyük əngəllərdən biri onların mənfəət məqsədilə öldürülməsi, qaçaqmalçılığı və qanunsuz ticarətidir.  

Çıxış edənlər təbiətimizin nadir flora və fauna növlərinin daha səmərəli mühafizəsi üçün qanunvericiliyin təkmiləşdirilməsi və institusional tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayblar. Bununla yanaşı, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi ilə bağlı təkliflər irəli sürülüb.

Tədbir zamanı səsləndirilən təkliflər baxılması üçün aidiyyəti dövlət qurumlarına göndərilib.

0
11