Prezident: “Status-kvo” dəyişməlidir

Prezident: “Status-kvo” dəyişməlidir

“Bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”.

Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu Bakıda Türkiyənin baş naziri Binəli Yıldırımla birgə mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev deyib.  

Dövlət başçısı bildirib ki, Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, etnik təmizləmə aparılıb.

“Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası qətnamələr qəbul edib, məsələ həllini tapmır. BMT qətnamələrində göstərilir ki, erməni silahlı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin bu qətnamələr kağız üzərində qalıb, çünki ikili standartlar var.

Bəzi hallarda BMTqətnamələri 1 gün ərzində icra edilir, Azərbaycana gəlincə, 20 ildir yerinə yetirilmir. Bu, böyük ədalətsizlikdir”, - deyə dövlət başçısı qeyd edib.

Prezident bildirib ki, Azərbaycan Qarabağ məsələsində hərbi-siyasi üstünlük əldə edib.

“Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz çalışacağıq ki, bu məsələ danışıqlar yolu ilə həll edilsin. “Status-kvo” dəyişməlidir, bu isə torpaqlarımızın işğaldan azad edilməsi deməkdir”, - deyə prezident bildirib.

0
11