İlham Əliyev: Almaniya Bundestaqının qərarı siyasi sifarişdir

İlham Əliyev: Almaniya Bundestaqının qərarı siyasi sifarişdir

“Biz bu gün görürük ki, Avropada dinc nümayişçilər necə təhqir olunur”.

Azərbaycan Türkiyənin yanındadır, həmişə dəstək verir.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Azərbaycan dünən Almaniya Bundestaqı tərəfindən qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir:

“Bu, ədalətsizlik, ikili standart və tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik, dözmürük. Diaspor təşkilatlarımıza təlimat verilib ki, daim Türkiyə diaspor təşkilatları ilə birgə hərəkət etsinlər. Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq”.

Prezident qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir:

“Bunun siyasi tərəfləri var. Yəqin ki, Türkiyəni nəyəsə məcbur etmək, Türkiyənin müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi sadəcə, bəhanədir, böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da oxşar vəziyyətlə üzləşib.

Keçən il iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edib.

Guya Azərbaycanda insan haqları pozulur. Bu, yalandır. Azərbaycanda demokratiya inkişaf edir, azad internet mövcuddur. Azad internet olan yerdə söz azadlığı necə pozula bilər? Azərbaycanda sərbəst toplaşma azadlığı var. Biz bu gün görürük ki, Avropada dinc nümayişçilər necə təhqir olunur”.

Dövlət başçısı xatırladıb ki, Birinci Avropa Oyunlarının açılışında Almaniya parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib:

“Bu, bizə sataşmaq idi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz”.

0
22