“Antalya Ekspo 2016”da Azərbaycan pavilyonu – FOTO

“Antalya Ekspo 2016”da Azərbaycan pavilyonu – FOTO

Burada 53 ölkə və bir neçə beynəlxalq təşkilat təmsil olunur.

Türkiyənin Antalya şəhərində təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində (International Horticultural Exposition) Heydər Əliyev Mərkəzinin dəstəyi ilə qurulan Azərbaycan milli pavilyonunun iyunun 1-də rəsmi açılış mərasimi və Azərbaycan Günü keçirilib.

Bu münasibətlə rəsmi mərasim təşkil olunub.

Oxu.Az xəbər verir ki, əvvəlcə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və “Antalya Ekspo 2016”nın rəhbəri Ərdoğan Kökün rəhbərliyi ilə Azərbaycanla Türkiyə nümayəndə heyətlərinin görüşü keçirilib.

Anar Ələkbərov görüşdə bildirib ki, Azərbaycanın beynəlxalq sərgilərdə iştirakı artıq ənənəyə çevrilib və ölkəmizin ilk dəfə “Milan Ekspo” sərgisində təşkil etdiyi pavilyon böyük maraqla qarşılanıb. Həmçinin qardaş Türkiyədə keçirilən “Antalya Ekspo 2016”da iştirak bura gələn milyonlarla ziyarətçiyə Azərbaycanın tarixi və ənənələrinin tanıdılması baxımından əhəmiyyətə malikdir.

Daha sonra Ekspo ərazisindəki Amfiteatrda təşkil edilən rəsmi açılış mərasimində Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, diplomatlar, Antalyada səfərdə və istirahətdə olan həmyerlilərimiz, tələbələr, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndiriləndən sonra Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, “Antalya Ekspo 2016”nun rəhbəri Ərdoğan Kök və Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun çıxışları olub.

Anar Ələkbərov Azərbaycanın 2015-ci ildə Milanda keçirilən “Ekspo” sərgisində ilk dəfə milli pavilyonla təmsil olunması və həmin sərgidə milli pavilyonumuza 3 milyondan çox ziyarətçinin gəlməsi barədə məlumat verib.

O, “Antalya Ekspo 2016” çərçivəsində Azərbaycan milli pavilyonunun qurulması barədə ölkə Prezidentinin tapşırıq verdiyini diqqətə çatdıraraq bu məsələnin uğurla başa çatmasında göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib.

“Antalya Ekspo 2016” sərgisinin yüksək peşəkarlıqla təşkilinə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə hökumətinə təşəkkürünü ifadə edən A.Ələkbərov qeyd edib ki, “Gələcək nəsillər üçün yaşıl bir dünya” şüarı ilə keçirilən sərginin “Çiçək və uşaq” mövzusunda qurulması hazırda dünyada baş verən xoşagəlməz hadisələrə və münaqişlərə etiraz edən beynəlxalq ictimaiyyətinin xoş arzu və istəkləri ilə tam şəkildə uzlaşır.

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Məhz bu gündə Azərbaycan milli pavilyonunun açılması və Azərbaycan milli gününün keçirilməsi özündə böyük bir rəmzi məna daşıyır.

“Təəssüf ki, bu gün baş verən silahlı münaqişələr, terror aktları minlərlə uşağın həyatına son qoyur. Milyonlarla uşaq qaçqın və məcbur köçkün həyatı yaşayır. Azərbaycan bu faciələri yaşamış bir ölkə kimi bunun acısını dərindən hiss edir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə uşaq öz doğma evindən didərgin düşüb, həlak olub, valideynlərini itirib.

Bu uşaqların yaşadıqları müharibə dəhşəti ömürlük olaraq onların yaddaşına həkk olunub. Bu baxımdan “Çiçək və uşaq” mövzusunda beynəlxalq sərginin təşkilini uşaqların taleyinə biganə olmayan bütün xalqların sülh və əmin-amanlıq dolu bir dünya uğrunda birləşməsi üçün çağırış kimi qiymətləndiririk”, - deyə Anar Ələkbərov bildirib.

Azərbaycan birmənalı olaraq dinindən, irqindən və dilindən asılı olmayaraq bütün uşaqların hüquq və bərabərliyinin qorunmasının, uşaqlara qarşı zorakılıq edilməməsinin tərəfdarıdır. Uşaqlara qayğı məsələsinə önəm verən Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də xaricdə uşaqlarla bağlı müxtəlif layihələr həyata keçirir.

Eyni zamanda, Azərbaycan ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin, musiqi irsinin, tolerantlıq ənənələrinin dünyada tanıdılması məqsədi ilə müxtəlif beynəlxalq tədbirlərdə uğurla təmsil olunur.

“Antalya Ekspo 2016”nun rəhbəri Ərdoğan Kök çıxışında diqqətə çatdırıb ki, Azərbaycan milli pavilyonu yüksək peşəkarlıqla qurulduğundan ziyarətçilər üçün cəlbedicidir. Ziyarətçilərin bu pavilyona maraq göstərməsinin bir səbəbi Azərbaycanın rəngarəng florasına, çoxtərəfli mədəniyyətinə olan maraqdırsa, digər tərəfdən isə azərbaycansevərlik anlayışıdır.

Əminik ki, Türkiyə ictimaiyyəti, ölkə mediası və bütün ziyarətçilərin Azərbaycan milli pavloyonuna sevgi ilə maraq göstərməsi sərginin sonunadək davam edəcək.

Azərbaycanın biomüxtəlifliyi, təbii gözəlliyi, əsrarəngiz təbiəti barədə geniş məlumat verən səfir Faiq Bağırov “Antalya Ekspo 2016” Azərbaycan milli pavilyonunun qurulmasının əhəmiyyətindən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin regiondakı proseslərə müsbət təsirindən, ölkələrimizin beynəlxalq proseslərdə bir-birinə dəstək verməsinin mahiyyətindən və digər məsələlərdən bəhs edib.

Səfir diqqətə çatdırb ki, hazırda müvəfəqqiyətlə fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərindən Azərbaycan xalqı ilə bərabər regionun digər ölkələrinin xalqları da bəhrələnirlər.

Yaxın gələcəkdə istifadəyə verməyə hazırlaşdığımız Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də Azərbaycanın liderliyi ilə həyata keçirilən “Sahdəniz 2” layihəsi və “Cənub” qaz dəhlizi üçüncü minillikdə Avropanın enerji təminatında mühüm amil olacaq. Bütün bu layihələr Azərbaycanın sülh və inkişaf siyasətinin uğurlu nəticələrini təcəssüm etdirir.

Çıxışlarda diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin “bir millət - iki dövlət” ifadəsi xalqlarımız və ölkələrimiz üçün həyat amalına çevrilib. “Antalya Ekspo 2016” çərçivəsində təmsil olunmaq Azərbaycanın hərtərəfli təbliğatı üçün geniş imkanlar açıb.

Əminliklə qeyd olunub ki, Azərbaycan milli pavilyonu həm türkiyəli, həm də digər ölkələrdən olan qonaqlar tərəfindən maraqla izlənəcək, ziyarətçilər ölkəmiz haqında geniş məlumat əldə edəcəklər.

Sonra Azərbaycan milli pavilyonunun qarşısındakı qırmızı lent kəsilib.

Əvvəlcə pavilyondakı sərgi ilə tanışlıq olub.

İki min kvadratmetrədək ərazini əhatə edən sərgi və bağçadan ibarət Azərbaycan milli pavilyonunda ölkəmizin zəngin faunası, unikal biomüxtəlifliyi və bağçılıq mədəniyyəti nümayiş etdirilir. Pavilyon özünəməxsus konsepsiyası və Azərbaycanın zəngin təbiət gözəlliklərinin təqdimat forması ilə seçilir.

Ziyarətçilər burada qiyabi də olsa, Azərbaycana səyahət edir, zəngin təbiətin şahidinə çevrilirlər. Milli pavilyonda Azərbaycana həsr olunan, onun təbii gözəlliklərindən ilhamlanaraq yaradılan sənət növlərindən ibarət sərgi təqdim edilir. Pavilyondakı “Təbiətin rəngləri” sərgisində bir tərəfdən Azərbaycanın gözəl təbiətinin yaratdığı imkanlar, digər tərəfdən incəsənəti tərənnüm olunur.

Sərgidə Azərbaycan xalçaçılıq sənətinin tarixi və bu günü əksini tapır. Xalçaçılığın müasir dövrümüzədək Azərbaycanda dekorativ-tətbiqi sənətin ən mühüm sahəsi olaraq tanındığı, bol boya qaynaqlarının xalçaçılıq sənətinin ən mühüm amillərindən biri olmasından bəhs edilir.

Qədim dövrlərdən indiyədək Azərbaycanda bitki və təbii mineral mənşəli boya çeşidlərindən istifadə olunur. Bir çox yerli bitki və ağac növlərinin kökləri, soyulmuş qabıqları, meyvələri və yarpaqlarından təbii və davamlı boya əldə etmək mümkündür.

Sərgidə xalçalarımızın zərif naxışlarını, nəfis Azərbaycan xalılarının rəsmləri olan orta əsrlər Avropa rəssamlarının əsərlərini nümayiş etdirən multimedia layihəsi, Azərbaycan xalçaçılıq elminin banisi Lətif Kərimovun eskizləri, eyni zamanda, müasir rəssamlar Vüqar Muradov, Elçin Vəliyev və heykəltəraş Butunay Haqverdiyevin əsərləri nümayiş olunur.

Exponun mövzusu uşaqlarla bağlı olduğundan Azərbaycan pavilyonunda bu mövzuya özünəməxsus tərzdə yer ayrılıb. Pavilyonda Heydər Əliyev Fondunun himayəsində olan kimsəsiz uşaqlar üçun internat evlərinin istedadlı yeniyetmə və gənclərinin, daun sindromlu uşaqların rəsmləri ilə tanış olmaq mümkündür.

Azərbaycan Günü ilə bağlı təşkil olunan mərasimin bədii hissəsində “Natiq” ritm qrupu ilə yanaşı, valideyin qayğısından məhrum olmuş uşaqların bir-birindən maraqlı çıxışları, xalq mahnıları, ritmik muğamlar, milli rəqslərimiz, azyaşlı istedadların özünəməxsus çıxışları pavilyona toplaşan yüzlərlə ziyarətçini valeh edib.

Heydər Əliyev Fondunun Dağlıq Qarabağ həqiqətlərinə, Azərbaycan tarixinə, milli mədəniyyətimizin ayrı-ayrı sahələrinə dair mərasim çərçivəsində sərgilənən nadir nəşrləri sonra iştirakçılara hədiyyə edilib.

Həmçinin Azərbaycan milli mətbəx mədəniyyəti təqdim olunub.

Qeyd edək ki, “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisi aprelin 22-də açılıb. Burada 53 ölkə və bir neçə beynəlxalq təşkilat təmsil olunur.

“Antalya Ekspo 2016” oktyabrın 30-dək davam edəcək və 6 ay ərzində sərgiyə ümumilikdə 8 milyon ziyarətçinin gələcəyi gözlənilir.

0
20