İş icazəsi tələb olunmayan halların sayı artırıldı

İş icazəsi tələb olunmayan halların sayı artırıldı

Xarici hüquqi şəxslərin rəhbərləri və onların müavinləri iş icazəsi almayacaq.

Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən ölkəmizdə təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxslərin rəhbərləri və onların müavinləri üçün iş icazəsinin alınması tələb olunmur.

Hüquqşünas Oktay Məhərrəmov dəyişikliyi Oxu.Az-a şərh edərkən bildirib ki, xarici investisiyaları daha da təşviq etmək məqsədini daşıyan bu dəyişiklik, xarici elementli yerli hüquqi şəxslərin xarici təsisçilərinin ölkəmizdəki biznesin idarə edilməsində bilavasitə öz etibar etdiyi kadrlar vasitəsi ilə iştirakı şərtlərini yüngülləşdirir. Şübhəsiz ki, bu ölkəmizdə biznesin aparılması şərtlərini daha yumşaq etməklə, əlavə inzibati “sədləri” aradan götürür.

“Əslində bu dəyişiklik çoxdan edilməli idi. Belə ki, əvvəlki qanunvericilik xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbərləri və onların müavinlərinə eyni güzəşti artıq vermişdi. Belə olan halda xarici hüquqi şəxslərin törəmə müəssisələrinə eyni imtiyazın verilməməsi anlaşılmaz idi.

Bununla belə, rəhbər dedikdə kimin nəzərdə tutulması dəqiq və birmənalı təsbit edilmədiyindən bu praktikada müəyyən çətinliklər də yaradacaq.

Belə ki, bu imtiyazın idarəetmə orqanlarında təmsil olunan hər bir şəxsə aid olub-olmayacağı mübahisə doğura bilər. Bu imtiyazın təkbaşına icra orqanına (direktor, baş direktor) və kollegial icra orqanının rəhbərinə (idarə heyətinin sədri) tətbiqi sual doğurmayacaq. Lakin kollegial icra orqanının digər üzvləri, o cümlədən nəzarət funksiyalarını daşıyan direktorlar şurasının (müşahidə şurasının) rəhbəri və üzvlərinin bu güzəştdən yararlanmaq imkanı birmənalı deyil.

Məsələn, mülki qanunvericiliyə görə, səhmdar cəmiyyətlərinin direktorlar şurası (müşahidə şurası) öz səlahiyyətləri hüdudlarında həm fəaliyyət üzərində nəzarəti, həm də ümumi rəhbərliyi həyata keçirdiyindən onun üzvləri bu imtiyazdan istifadə etməkdə iddialı ola bilərlər”, - deyə O.Məhərrəmov bildirib.

0
50