Bakının bəzi mərkəzi yolları bağlandı

Bakının bəzi mərkəzi yolları bağlandı

Göstərilən istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə tövsiyə olunur.

Bakıda ilk dəfə təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran Prisinin yüksək təhlükəsizlik şəraitində keçirilməsi məqsədi ilə paytaxtın bir sıra mərkəzi yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunub. 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a bildirib ki, paytaxtın mərkəzinə doğru Cənub tərəfdən – Neftçilər prospekti - Azneft meydanı istiqamətində Bayıl qəsəbəsi, 20-ci sahə, Ələt-Astara-Salyan yolundan avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. 

Bu gündən Neftçilər prospektinə Azneft dairəsi tərəfdən – Bayraq meydanı və həmin istiqamətdən bütün avtomobillərin girişinə tam məhdudiyyət qoyulur, istiqamət dəyişdirilir.

Qeyd edilən istiqamət üzrə avtomobillərin hərəkəti əsasən, Bakı-Salyan yolunun 14-cü km-dən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən, 20-ci sahə dairəsindən dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə Mikayıl Müşfiq, Mətbuat prospekti istiqamətinə, Bayıl qəsəbəsindən isə Teymur Elçin, yaxud Mehdi Hüseyn küçələri vasitəsilə tənzimlənir.

Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün Neftçilər prospekti ilə Azneft dairəsindən keçməklə Bayraq meydanı, Bayıl və 20-ci sahə qəsəbələri, eləcə də Cənuba doğru gedən sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyəddin Cəlilov – Yusif Səfərov, Yusif Səfərov – 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mikayıl Müşfiq, Mətbuat və Ziya Bünyadov prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.

Diqqətə çatdırılır ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin, ictimai nəqliyyata üstünlük verilsin.

0
12