Britaniya Azərbaycana 25 milyard dollar sərmayə yatırıb

Britaniya Azərbaycana 25 milyard dollar sərmayə yatırıb

Şahin Mustafayev görüş keçirib.

İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson ilə görüşüb, ölkələrimiz arasındakı mövcud iqtisadi əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Ş.Mustafayev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi təyin olunması münasibətilə Baronessa Nikolsonu təbrik edib, fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin inkişaf etdiyini qeyd edən Ş.Mustafayev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Prezidentinin bu ilin fevralında Böyük Britaniyaya səfərinin mühüm əhəmiyyətini vurğulayıb. 

Bildirilib ki, hazırda ölkələrimiz iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlıq edir. Böyük Britaniya Cənub Qaz Dəhlizi layihəsinə dəstək göstərir. İndiyədək Böyük Britaniya tərəfindən Azərbaycan iqtisadiyyatına 25 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.

Azərbaycanın iqtisadi sahədə Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran Ş.Mustafayev Baronessa E.Nikolsonun Bakıya səfərinin əhəmiyyətini qeyd edib, qeyri-neft sektorunun turizm, kənd təsərrüfatı, eləcə də investisiya qoyuluşu sahələrində əməkdaşlıq imkanları barədə fikirlərini bildirib, Böyük Britaniyanın sənaye sahəsində fəaliyyət göstərən şirkətlərinin Azərbaycanın neft-kimya sənayesinə investisiya yatırması üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.

Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Baronessa E.Nikolson Bakıda keçirilən 23-cü Beynəlxalq “Xəzər Neft və Qaz 2016” Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib. 

Vurğulayıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əlaqələrin inkişafı üçün potensial mövcuddur. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsi məqsədilə Böyük Britaniyanın Milli Fermerlər Birliyi ilə Azərbaycanın müvafiq qurumu əməkdaşlıq edə, kənd təsərrüfatı və turizm imkanlarının öyrənilməsi üçün qarşılıqlı səfərlər həyata keçirilə bilər.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

0
20