Professor: Rus dilində təhsilin ləğvi bu günün reallıqlarına müvafiq deyil

Professor: Rus dilində təhsilin ləğvi bu günün reallıqlarına müvafiq deyil

“Bir-birinə mane olmur”.

Əgər rus dilində təhsil tələb olunandırsa, biz onu ləğv edə bilmərik.

Bu barədə Oxu.Az-a Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor, filologiya elmlər doktoru Telman Cəfərov Azərbaycanda rus dilində təhsilin ləğv edilməsi ilə bağlı səslənən çağırışları şərh edərkən bildirib.

Xatırladaq ki, Azərbaycanda rus dilində təhsilin ləğv edilməsi təklifi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi Cahid İsmayıloğlu çıxış edib.

C.İsmayıloğlu təklifini, rus dilini ölkəmizdə qısa zamanda yaxa qutarmalı olduğumuz imperiya qalıqlarından biri olması ilə əsaslandırıb.

Alimin iddialarına cavab verərkən Telman Cəfərov bəyan edib ki, əgər valideynlər uşaqlarını məhz rus bölməsinə göndərmək istəyirlərsə, deməli, bu dildə təhsilin müəyyən üstünlükləri var.

“Rus dilində təhsilin ləğv edilməsi bugünkü təhsil sisteminin və Azərbaycan həyatının reallıqlarına müvafiq deyil.

Azərbaycan Konstitusiyasına və “Təhsil haqqında” qanuna görə, vətəndaş doğma dilində təhsil ala bilər. Amma növbəti bənd var, o bənddə başqa xarici dildə təhsil almaq istəyənlər üçün şəraitin yaradıldığı bildirilir.

Bundan başqa istənilən bölmənin məzunu başqa dildə (Azərbaycan, rus, ingilis və s.) təhsil ala bilər”, - Cəfərov bəyan edib.

Cahid İsmayılovun rus dilinin ədəbiyyatın, əsasən də uşaq ədəbiyyatının inkişafına mane olmasına dair fikirlərinə gəldikdə isə Telman Cəfərov qeyd edib ki, Azərbaycanda hazırda dilin və milli ədəbiyyatın inkişafına dair Dövlət Proqramı qəbul edilib.

“Prezidentin sərəncamı ilə, bütün bədii, elmi-populyar ədəbiyyat latın qrafikasında dərc edilib. Azərbaycanda tərcümə və dünya bədii ədəbiyyatının (“Dünya ədəbiyyatı kitabxanası 150 cilddə”) Azərbaycan dilində dərc edilməsi üzrə möhtəşəm layihə həyata keçirilir.

Belə layihələr çoxdur. Bakı Slavyan Universitetində “Filoloqun kitabxanası 100 kitab” yaradılır. Bu müxtəlif dillərdən Azərbaycan dilinə tərcümədir. Ona görə də Azərbaycan dilinə və ədəbiyyatının inkişafına heç mane ola bilməz.

Ölkədə başqa dillərdə təhsil alma imkanının olması Azərbaycan dilini heç cür aşağı salmır. Dövlət dili öz xüsusi nüfuzuna və xüsusi mövqeyə sahibdir. Onlar bir-birinə mane olmur”.

Onun sözlərinə görə, bu gün rus dilində təhsil Azərbaycanın, hətta Bakının bütün məktəblərində aparılmır.

“Təhsilin tamamən rus dilində olduğu bir məktəb belə yoxdur. Əgər Konstitusiya və “Təhsil haqqında” qanun xarici dillərdə, o cümlədən də rus dilində təhsil almağa imkan verirsə, deməli, Azərbaycan vətəndaşları bu üstünlükdən istifadə edə bilərlər.

Əlbəttə, sənədləşdirmə dövlət dilində aparılmalıdır. Hətta Slavyan Universitetində, ixtisas fənləri istisna olmaqla, rus dili və ədəbiyyatı, məsələn, dərslər dövlət dilində aparılır”, - professor qeyd edib.

Təklifi “indiki rellıqlara müvafiq olmadığını” bildirən Telman Cəfərov bəyan edib:

“O zaman gəlin MBA proqramlarını, bütün xarici dillərdə təhsili ləğv edək. Bildiyiniz kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti nəzdində təhsilin fransız dilində aparılacağı Azərbaycan-Fransa Universiteti təsis edilir. Bakıda həmçinin keçən ildən fransız məktəbi də fəaliyyət göstərir”.

Bəyanat bugünkü günün tələblərinə müvafiq deyil. Digər tərfədən başqa dillərin tədrisi və öyrənilməsi xaricə çıxış, ədəbiyyatımızın və mədəniyyətimizin, digər mənəvi dəyərlərimizin xaricdə təbliği üçün şansdır.

Həm sovet, həm də postsovet dövründə dünya ədəbiyyatının əsas hissəsini biz birbaşa olaraq rus dilindən tərcümə etmişik. Bütün onlayn məlumat bazaları da iki: ingilis və rus dillərindədir. Bəli, zamanla biz Azərbaycan dilində də lazımi informasiya bazalarına sahib olmalıyıq. Bu çox ciddi məsələdir. Onu kompleks şəkildə nəzərdən keçirməliyik”.  

0
38