Bakıda müsabiqə əsasında 1-ci sinfə qəbul edilənlərin sayı açıqlanıb

Bakıda müsabiqə əsasında 1-ci sinfə qəbul edilənlərin sayı açıqlanıb

Ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub.

Bakı şəhəri üzrə müsabiqə əsasında lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə 1-ci sinfə şagird qəbulu prosesi yekunlaşıb.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, istedadlı uşaqların daha aşağı yaşlarda müəyyən olunması və onlar üçün innovativ təlim prosesinin təmin edilməsi məqsədilə Bakı şəhəri üzrə 15 ümumi təhsil müəssisəsində 1-ci sinfə qəbul müsabiqə əsasında təşkil olunub. 

2016-2017-ci tədris ili üzrə Bakı şəhərində 1-ci sinfə şagird qəbulu müsabiqə əsasında aparılan lisey, gimnaziya və digər ümumi təhsil müəssisələrinə elektron qeydiyyat www.mektebeqebul.edu.az saytı vasitəsilə martın 1-dən aprelin 10-dək davam edib. Həmin ümumi təhsil müəssisələrinə 4449 nəfər müraciət edib.

15 aprel - 15 may tarixlərində bu təhsil müəssisələrinin daxili nizamnamələrinə əsasən, təşkil edilmiş müsabiqələr çərçivəsində uşaqların qiymətləndirilməsi həyata keçirilib. Uşaqların dünyagörüşü, riyazi-məntiqi təfəkkürü, psixoloji hazırlığı, yaradıcılıq qabiliyyəti, rabitəli nitqqurma bacarığı qiymətləndirilib və ümumilikdə, 2350 şagird 1-ci sinfə qəbul edilib. Onlardan 1144 nəfər Azərbaycan bölməsinə, 1206 nəfər isə rus bölməsinə qəbul olunub.

Müsabiqə çərçivəsində ən yüksək rəqabət 23 nömrəli tam orta məktəb üzrə olub. Bu məktəb üzrə 1 yerə 3 nəfərdən daha artıq müraciət edilib. Bakı Avropa Liseyi, 287 nömrəli Zəkalar Liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Bakı Slavyan Universitenin nəzdində Məktəb-Lisey Kompleksi və “Ankara məktəbi” məktəb-liseyində də yüksək rəqabət qeydə alınıb.

0
23