Samir Şərifov: Biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik

Samir Şərifov: Biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik

“400 milyon manatadək vəsaitin qaytarılması təmin olunub”.

Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı ilkin mərhələdə bankın sağlamlaşdırılması istiqamətində işlər həyata keçirilir. Bu işlər Azərbaycan Respublikası prezidentinin sərəncamına uyğun olaraq həyata keçirilir.

Oxu.Az xəbər verir ki, bunu “Amerikanın səsi” radiostansiyasına müsahibəsində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma tədbirləri çərçivəsində bankın problemli aktivləri bankın balansından çıxarılır.

“Bu çıxarılma da əsasən həmin problemli aktivlərin və həmin aktivlərlə bağlı girovların və girovlarla bağlı tələb hüquqları başqa bir quruma, - Aqrarkredit Qapalı Səhmdar Cəmiyyətinə satılır. Aqrarakredit Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bunlar alınaraq həmin problemli aktivlərin, belə deyək, idarə edilməsi həyata keçirilir və orada bunların satışı da nəzərdə tutulur.

Bu işlər müəyyən bir vaxt aparacaq. Bu tədbirlər başa çatdıqdan dərhal sonra müvafiq maliyyə məsləhətçiləri, güman edirəm ki, bu işlərə beynəlxalq aləmdə nüfuzlu investisiya şirkətləri cəlb ediləcək. Beləliklə bankın özəlləşdirməyə açıq olması mümkün olacaq”, - deyə, nazir bildirib.

Problemli kreditlərdən danışan nazir bildirib ki, onların qaytarılması üçün xüsusi tədbirlər görülür.

“Bu tədbirlərdə bəzi hallarda həm də hüquq mühafizə orqanları iştirak edir. Çünki, bəzi hallarda biz saxtakarlıqla, fırıldaqçılıqla üzləşmişik. Həmin müdaxilə nəticəsində təxminən 400 milyon manatadək vəsaiti qaytarılması təmin olunub.

Digər vəsaitlərin qaytarılması üzrə bank tərəfindən iş aparılır. Bilirsiniz bank özü bu işlərlə məşğul olsa, bank fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məhz buna görə, beynəlxalq praktikaya uyğun olaraq problemli aktivlərin idarə edilməsi üzrə quruma verilməsi daha məqsədəuyğundur”, - deyə, o, bildirib.

0
29