Qordon Birrel: 2018-ci ildə ilk qazın əldə edilməsinə hazır olmalıyıq

Qordon Birrel: 2018-ci ildə ilk qazın əldə edilməsinə hazır olmalıyıq

“Tikinti işləri həm Azərbaycanda, həm də Gürcüstanda yaxşı irəliləyir”.

BP həm “Şahdəniz-2”, həm də “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələrinin operatorudur. Hər iki layihə çox uğurla irəliləyir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda layihənin tikintisinə 22 min adam cəlb edilib.

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel bildirib.

Onun sözlərinə görə, Gürcüstanda “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsinə 3 min nəfər cəlb olunub.

“Əsas odur ki, “Şahdəniz-2” üçün lazım olan hər iki platformanın dayaq özülləri və üst modullarının Azərbaycanın tikinti-quraşdırılma sahələrində inşası artıq sona çatmaq üzrədir.

Platformaların dayaq özülləri bu il dənizdə quraşdırılacaq, üst modulların isə gələn il quraşdırılmasını planlaşdırırıq. Beləliklə biz 2018-ci ildə ilk qazın əldə edilməsinə hazır olmalıyıq”, - deyə o bildirib.

Q.Birrelin sözlərinə görə, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihəsi üzrə isə tikinti işləri həm Azərbaycanda, həm də Gürcüstanda yaxşı irəliləyir.

“Azərbaycanda tikinti işləri çoxdan başlayıb. Gürcüstanda kompressor stansiyalarının tikilməsi prosesi gedir ki, artıq onların birinin inşası üzrə işlərin 42%-i başa çatıb.

Ümumilikdə deyə bilərik ki, biz hər iki layihənin irəliləyişindən çox məmnunuq. Adları çəkilən layihələri illər ərzində çox irəli apara bilmişik. Biz əminik ki, 2018-ci ildə qazı Gürcüstanla Türkiyə sərhədinə çatdırıb, oradan isə TANAP boru kəmərinə təhvil verə biləcəyik”, - deyə Q.Birrel bildirib.

Q. Birrelin sözlərinə görə, şirkət artıq layihə üzrə 13 milyard dollardan artıq tikinti müqavilələri təqdim edib.

“Çox məmnunuq ki, 13 milyard dollarlıq müqavilələrin təqribən yarısı yerli Azərbaycan şirkətləri və yaxud yerli Azərbaycan şirkəti olan birgə müəssisələrlə bağlanıb”.

0
29