Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderdir

Gürcüstana səfər edən turistlər arasında azərbaycanlılar liderdir

Gürcüstana səfər edən turistlərin sayında rekord göstərici müəyyənləşib.

Gürcüstana səfər edən turistlərin və xarici qonaqların sayında yeni rekord müəyyənləşib - bu ilin ilk 5 ayı ərzində ölkəni 2 milyon 119 min 275 nəfər ziyarət edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,3% çoxdur.

Oxu.Az “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbəri Georgi Çoqovadze bildirib.

Onun sözlərinə görə, turist səfərlərinin sayı 782 min 814-dən ibarət olub (artım 18,8%) ki, onlar arasında qonşu ölkələrin turistləri liderlik edir.

Birinci yerdə Azərbaycandır, bu ölkədən Gürcüstana 570 min 825 nəfər səfər edib ki, bu da 22%-lik artım deməkdir. Azərbaycanın ardınca Türkiyə gəlir ki, bu ölkədən Gürcüstana səfər edənlərin sayı 524 min 71 nəfər olub. Üçüncü yerdə qərarlaşan Ermənistandan 445 min 343 nəfər səfər edib. Dördüncü və beşinci yeri Rusiya və Ukrayna tutur - bu ölkələrdən Gürcüstana müvafiq olaraq 303 min 678 və 53 min 166 nəfər gəlib.

Avropa İttifaqına üzv olan ölkələrdən Gürcüstana daha çox Latviya (35%), İtaliya (22%), Polşa (15%), Fransadan (10%) səfər edirlər.

“2015-ci ilin əvvəlində biz ölkəyə daha çox turistin cəlb olunması üçün müvafiq tədbirlər planı hazırladıq. Plana əsasən, həm ölkə daxilində, həm də ölkə xaricində aktiv tədbirlər həyata keçirdik. Bunun nəticəsi olaraq, ölkəyə gələn turistlərin sayında artım tendensiyası müşahidə olundu. İndi biz əminliklə deyə bilərik ki, bu il ölkəyə rekord sayda turist gələcək”, - Çoqovadze bəyan edib.

Yalnız may ayında Gürcüstana 522 min 359 xarici qonaq daxil olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9% çoxdur.

Mayda ölkəyə daha çox Türkiyədən 134 min 652 nəfər (artım 6,8%), Azərbaycandan 111 min 944 nəfər (artım 18,6%), Ermənistandan 110 min 562 nəfər (artım 3,9%), Rusiyadan 84 min 727 nəfər (artım 18,7%), Ukraynadan 13 min 84 nəfər (artım 30,9%) səfər edib.

0
26