Bakının bu qəsəbəsində əhaliyə torpaq çıxarışları verildi

Bakının bu qəsəbəsində əhaliyə torpaq çıxarışları verildi

Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli Fərmanına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaq sahələrinə dair mülkiyyət sahiblərinə 02 iyun 2016-cı il tarixində Buzovna qəsəbəsində bilavasitə yerlərdə çıxarışlar təqdim edib. Lent.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, fərmana qədər belə sənədlər mülkiyyət hüququnun tanınması üçün qanunla əsas hesab edilməyib. Yalnız bu fərman qüvvəyə mindikdən sonra kütləvi şəkildə belə torpaq sahibi olan bir çox insanın öz əmlakına dair çıxarış alması üçün hüquqi zəmin yaranıb. Beləliklə, “Kütləvi çıxarış” kampaniyası çərçivəsində Xəzər rayonunun Buzovna qəsəbəsində 100-ə yaxın belə sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Bundan əlavə, sovet dövründə kolxoz və sovxozların verdiyi belə sənədləri olan digər vətəndaşlardan da həmin sənədlər yerindəcə qəbul edilib və sakinlərə yeni çıxarışların hazır olacağı və onların ünvanına çatdırılacağı tarix bildirilib. İnsanlara yaradılan bütün bu imkanlar sosial rahatlıq və xidmətlərdən məmnunluğa nail olunması məqsədi daşıyır. Komitənin bu sosial kampaniyası insanların çıxarışlar və digər qeydiyyat xidmətləri üçün ərazi idarələrinə getmək, bunun üçün vaxt itirmək kimi ehtiyaclarını qarşılayır. Həmçinin nəinki, şəhər və rayon mərkəzləri, kənar və ucqar bölgələrdəki əmlak sahiblərinin də qeydiyyat xidmətlərindən bəhrələnməsinə vasitə olur və vətəndaş razılığının zamanla yüksəlməsinə gətirib çıxarır.

Qeyd edək ki, budəfəki kampaniyada vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozların ərazilərində yerləşən, müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərinin (direktor və s.) əmrləri də aiddir. Belə aksiyalar sayəsində Bakı və regionlarda fərmanda əksini tapmış sənədləri olan əmlak sahiblərinə qeydiyyat xidmətlərini birbaşa yerlərdə çatdırılır.

Komitənin mobil ofisləri gündəlik olaraq vətəndaşların ünvanlarına gedərək fərdi qaydada qeydiyyat xidmətləri göstərir. Hüquqi yardım aksiyaları vasitəsilə vətəndaşların qeydiyyatla bağlı sualları cavablandırılır, onlara hüquqi istiqamət verilir, çıxarışla əvəz olunması üçün ilkin mülkiyyət sənədləri toplanır.

“Kütləvi çıxarış” kampaniyası daşınmaz əmlakın qeydiyyatının sosial əhəmiyyətini sürətlə artırmaqda davam edir. Ölkə üzrə hüquqi baxımdan təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Bu eyni zamanda, digər vətəndaşları da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata aldırmağa stimullaşdırır.

Xatırladaq ki, kampaniya sosial layihə olduğu üçün ödənişli qaydalarla həyata keçirilmir. Mobil xidmətlər yalnız çıxarış almaq üçün qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqının əsasında həyata keçirilir. Bu rüsumlar da yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir.

Kampaniyalar və mobil ofis xidmətləri ilə yanaşı, vətəndaşlar komitənin SMS xidmətlərindən də yararlanır. Belə ki, mobil telefonun olması bu xidmətlərdən istifadə üçün tam kifayət edir, internetin, komputer imkanlarının olmasına ehtiyac yoxdur. SMS xidmətlər daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının və müraciətin icra vəziyyətinin (hələ icrada olması və ya bitəcəyi tarix barədə məlumat) SMS vasitəsilə öyrənilməsinə imkan verir. Bundan ötrü sadəcə müraciətin nömrəsinin 9193-ə göndərilməsi yetərlidir. Dərhal sonra zəruri məlumat vətəndaşın mobil telefonuna göndərilir.

Eyni zamanda, vətəndaşlar, fiziki və hüquqi şəxslər komitənin 31 elektron xidmətindən də faydalanır. İndiyədək elektron xidmətlər vasitəsilə 363 minə yaxın müraciət qəbul olunub və icra edilib.

Bu tədbirlər daşınmaz əmlakın qeydiyyatının sadələşməsinə, daha çevik və rahat qeydiyyat aparılmasına səbəb olub.

0
16