III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirildi

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirildi

Bakıda III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan festival iyunun 4-dək davam edəcək.

Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Turizm Filmləri Festivalının təşkili artıq ənənəyə çevrilib: "Biz artıq üçüncü dəfədir ki, bu festivalı uğurla keçiririk. Festival artıq ənənə halını alıb və sevinirəm ki, biz bu gözəl ənənənin əsasını qoya bilmişik. Artıq beynəlxalq miqyasda bizim festival qəbul olunur, tanınır. Hesab edirəm, Azərbaycanda turizm sahəsinin inkişafına bu festival öz töhfəsini verir. İnanıram ki, bu, gələcəkdə də davam edəcək”.

Festivalın münsiflər heyətinin sədri Azər Qərib qeyd edib ki, Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarışacaqlar.

Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivalın müsabiqə proqramındakı filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyətinə jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxildirlər.

Qeyd edək ki, Bakı III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının informasiya dəstəyi “APA Holding”ə məxsusdur.

0
27