Azərbaycanda “ASAN Viza” sistemi yaradılır

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır

İlham Əliyev fərman imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

“ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

— elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

— elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

— elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

— elektron vizanın üç iş günü müddətində verilməsi;

— elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

“ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

— elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

Müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

Azərbaycan Xarici İşlər Nazirliyi “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etməlidir, vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir, elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir, elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə “Sərhəd keçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etməli, “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir. 

0
28