Babayan: Biz Bakıya yox, azərbaycanlılar Yerevana çatacaqlar

Babayan: Biz Bakıya yox, azərbaycanlılar Yerevana çatacaqlar

“Necə yəni ruhumuz yüksəkdir?”

“DQR”in sabiq müdafiə naziri “Syamo” ləqəbli Samvel Babayan Ermənistan hakimiyyətini kəskin tənqid atəşinə tutaraq bəyan edib ki, aprel ayının əvvəlində dördgünlük müharibə zamanı Azərbaycan tərəfindən zəbt edilən ərazilər strateji əhəmiyyət kəsb edir.

Oxu.Az xəbər verir ki, bu bəyanatı o, “CivilNet”ə verdiyi müsahibəsində bildirib, “Azadlıq” radiosunun erməni redaksiyası məlumat yayıb. 

Babayanın sözlərinə görə, dördgünlük müharibədə Azərbaycanın uğurları Bakının özü üçün də gözlənilməz olub, amma azərbaycanlıların yarım və ya bir saat ərzində məlum mövqeləri zəbt edə bilmələri faktdır.

“Mən bilmirəm, kim o əraziləri ölçüb, 800, yoxsa 1800 metr olduğunu müəyyən edib? Həmin mövqelərə, konkret olaraq Mardakert (Ağdərə) istiqamətindəki mövqelərə gəldikdə onlar ikili təyinatlı strateji məntəqələr idi. Birincisi, onlar həmin istiqamətdəki kəndlərin sakinlərinə yaşamaq imkanı verirdi”.

Bu torpaqlar Dağlıq Qarabağın təbii sərhədləridir, biz o vaxt öz təbii sərhədlərimizə çıxmışdıq. İkincisi, həmin ərazilərdən bütün düzənlik - Gəncədən Beyləqana qədər bizim ovcumuzun içində idi... İndi biri deyir, bu ərazilər strateji idi, o biri deyir belə deyildi. Həmin əraziləri görmədən onlar necə belə deyə bilər? Strateji olmayan mövqe yoxdur, xüsusən də Mardakert istiqamətində”.

O bəyan edib ki, Azərbaycan çoxlu sayda sayda silahlar alır, bu zaman əsas vurğunu artilleriyaya, raket və hərbi-hava qüvvələrinə yönəldir, təmas xəttindəki erməni mövqelərini, habelə şəhərləri və kəndləri yerlə bir etməyi planlaşdırır. Onun sözlərinə görə, Ermənistanın nə maddi, nə insan resursları ilə Azərbaycanla ayaqlaşmaq imkanı yoxdur.

“Siz təsəvvür edirsinizmi, onlar Naxçıvanda müxtəlif İsrail və Rusiya reaktiv sistemlərini yerləşdiriblər. Sual yaranır: niyə? Qarabağa zərbə endirmək üçün? Belə olsaydı, onlar həmin sistemləri Naxçıvanda yox, Qarabağla sərhəddə yerləşdirərdilər.

Biz danışanda ki, hücuma hazırıq, rəqib hökmən bundan istifadə edəcək və artıq İrəvana zərbə endirəcək. Yerevandan Naxçıvana cəmi 42 kilometrdir. Bu silahlar, həmin reaktiv sistemlər 70-150 kilometr məsafəni vurur.

Biz onlardan öz şəhərlərimizi, kəndlərimizi qorumağa hazırıq? Bakıda çay içəcəyik deməklə, iş bitmir ki? Bilirsiniz, Bakıda çay içmək olar, ancaq mən qorxuram ki, onlar Yerevan kimi çatacaqlar və burada çay içəcəklər.

General formasını geyinib kolxoz sədri kimi bəyanatlar vermək olmaz. Bizim əsgər o qədər raketin qabağında dayana bilməyəcək... Əgər bir dəqiqədə ön xəttə 25 min mərmi düşərsə, orada adam dayana bilər? O nə deməkdir ki, bizim əsgərin döyüş ruhu yüksəkdir? Onlar raketi tutacaqlar, yoxsa əsgər mərmini havada ovlayacaq? Biz əsgərin təhlükəsizliyi haqda düşünməliyik”.

Samvel Babayan ilk növbədə hava hücumundan müdafiəni gücləndirməyi təklif edir. İkincisi, rəqib artilleriyasının mövqelərini müəyyən edən qurğu (kontrbatareya sistemləri - Azərbaycan aprel döyüşlərində həmin sistemlərdən istifadə edib) alınmalıdır ki, cavab atəşi ilə həmin mövqeləri vurmaq mümkün olsun.

Samvel Babayanın fikrincə, hazırda qarşıda Qarabağ deyil, ümumilikdə erməni dövlətçiliyi məsələsi durur. 

“Hərbi rəhbərlik xalqı aldadıb deməməlidir ki, biz iki raketlə Bakını yerlə bir edəcəyik. Hansı ki, heç həmin raketlərin gücünü və imkanlarını başa düşmürlər. Öz xalqını aldatmaq olmaz”, - o deyib. 

0
12