Prezident Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul edib

Prezident Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisini qəbul edib

“Azərbaycan Britaniyanın bir çox sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə əməkdaşlıqda maraqlıdır”.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi Baronessa Nikolsonu qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, Baronessa Nikolsonun Bakıda keçirilən XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirakını yüksək qiymətləndirən dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun sərgi iştirakçılarına ünvanlandığı məktub və məktubda dostluq münasibətləri ilə bağlı fikirləri ilə əlaqədar minnətdarlığını bildirib. 

Azərbaycan ilə Böyük Britaniyanın çox yaxşı ikitərəfli münasibətlərinin mövcud olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, ölkələr arasında qarşılıqlı anlaşma və qarşılıqlı dəstək yüksək səviyyədədir. 

O, Azərbaycan və Böyük Britaniyanın enerji sahəsində uğurlu əməkdaşlıq etdiyini, ikitərəfli əlaqələrin bir çox digər sahələri də əhatə etdiyini vurğulayıb. Prezident Azərbaycanın Böyük Britaniyanın kənd təsərrüfatı, texnologiyalar, infrastruktur layihələri və digər sahələr üzrə fəaliyyət göstərən şirkətləri ilə daha fəal əməkdaşlıqda maraqlı olduğunu söyləyib, bu baxımdan birgə işçi qrupun fəaliyyətinin əhəmiyyətindən danışıb.

XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılış mərasimində iştirakından məmnunluğunu ifadə edən Baronessa Nikolson ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından şərəf duyduğunu bildirib. O, Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi kimi ölkələr arasında əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

0
12