Qriqori Siqua: Azərbaycanda turizm olmayacaq, nə qədər ki...

Qriqori Siqua: Azərbaycanda turizm olmayacaq, nə qədər ki...

“Bakıda əyləncə məkanlarının kəskin çatışmazlığı var”.

Oxu.Az Gürcüstanın Turizm Administrasiyasının sabiq rəhbəri, Gürcüstanda “KaZantip”in və Gürcüstan Elektron Musiqi Festivalının (“GEM Fest”) təsisçisi Qriqori Siqua ilə müsahibəni təqdim edir.

- İlk öncə Gürcüstandakı fəaliyyətiniz haqqında danışardınız? “GEM Fest” nədir?

- “GEM Fest” bu gün gənclərin mədəniyyətində, rəqs musiqisində və səhnə texnologiyasında mövcud olan bütün parlaq, dəyərli və gözəçarpan hər şeyin beynəlmiləl multiformatlı festivalıdır. Bu regionda əyləncə və istirahət üçün böyük bir şəhərdir. Biz infrasturktur yaradırıq və 18 hektar sahəsi olan şəhər tikirik, bizim məqsədimiz 300 000 turistdir. Və biz onların sadəcə gəlmələrini istəmirik, həmçinin onları yerləşdirmək, qida və əyləncə ilə təmin etmək istəyirik.

Bu qəbildən olan tədbirlər üçün insanlar əsasən Amsterdam, Berlin və Libitsaya gedirlər, biz isə Anakliyada Amesterdam, Berlin və Libitsanın miksini yaratmaq istəyirik.

“GEM Fest”in ideyası Gürcüstanda “KaZantip”in təşkilindən sonra doğulub, təşəbbüskarı isə mən olmuşam. O zaman mən turizm administrasiyasının rəhbəri idim. “KaZantip”dən sonra dostlarımla gürcü brendi yaratmaq fikrinə gəldik və biz onu “GEM Fest” adlandırdıq.  

Bu il “GEM Fest” avqustun 10-14-də Anakliyada (Qərbi Gürcüstanda) keçiriləcək. Festivalda xaos, texno və bitboksun dünya ulduzları iştirak edəcəklər.

“GEM Fest-2016”nın iştirakçıları arasında Paul Kalkbrenner, Fedde le Qrand, Agoria, bitboksçu Dyb FX, trans-musiqisinin ulduzu Pola van Dayk, Daşa Redkina, GusGus, Cosmic Gate, Abelle Super Flu, Julia Govor, The Drifter var. Festival səhnəsində 30-a yaxın gürcü musiqiçisi çıxış edəcək.

Festivalın proqramı çox zəngindir. Quruda və suda səhnələr olacaq, musiqidən başqa futbol, badminton, skeybordinq üzrə turnirlər olacaq. DMX velosipedçiləri arasında turnir, rənglər festivalı da keçiriləcək. Bundan başqa, yaradıcı insanların sərgiləri, bədii filmlərin nümayişi, DJ-batl və bir çox sürprizlər olacaq.  

Bu il ən azı 30-35 min adam gözləyirik.

Qeyd etmək istərdim ki, “GEM Fest” – sosial layihədir. O, yeni iş yerləri yaratmaq imkanı verir. Yerli əhali evlərini icarəyə verməkdən, qida məhsullarını satmaqdan, turistlərə xidmət etməkdən və onların daşınmasından gəlir əldə edir. Bundan başqa, festivalın keçirildiyi məkana səhmdarlar cəlb edilir.

2015-ci ildə layihənin təşkilindən sonra regiona 100 milyondan çox sərmayə yatırılıb. 350 nəfərlik 5 ulduzlu otel kompleksinin inşaasına başlanılıb.

“GEM Fest”dən sonra biz “After GEM”in təşkilini planlayırıq. Amma o, Almaniyada təxminən sentyabrda baş tutacaq.

- Qafqazdakı rəqibləriniz haqqında nə deyə bilərsiniz?

- Bizim rəqibimiz sadəcə yoxdur. Regionda tərəfdaşlarımız var. Azərbaycanda bu layihəmizi tanıdan “New Line” şirkətidir. Onlar yetərincə bilet satıblar. Eləcə də digər ölkələr arasında da tərəfdaşlarımız var.

- Necə düşünürsünüz, Azərbaycan turizmin inkişafında Gürcüstanın təcrübəsini tətbiq edə bilərmi?

- Olar, əlbəttə, amma bunun üçün dəqiq fəaliyyət planı və sahənin inkişafı strategiyası lazımdır. Amma Gürcüstan və Azərbaycanın vəziyyəti eyni deyil. Azərbaycan üçün istifadə edilən resept, Gürcüstanda işləməyəcək və əksinə.

Gürcüstanda oyun müəssisələrinin şəbəkəsi inkişaf edib, buna az qala Las-Veqas hesab edilən Batumini misal çəkmək olar. Bundan başqa, bu il Gürcüstanda bir çox dünya ulduzlarının qastrolu gözlənilir: Prodigy, Maroon 5, Robbie Williams. Azərbaycanda isə turistləri cəlb edəcək “Formula-1” yarışları keçiriləcək. Siz ölkənizi turistlər üçün maraqlı etməlisiniz, onlarda ölkəniz haqqında daha çox şey bilmək istəyi yaratmalısınız.  

- Azərbaycanın turistik ölkə kimi potensialını necə dəyərləndirərdiniz?

- Mən Azərbaycan turizmi ilə yaxından tanışam və bu ölkənin turizmin inkişaf potensialı nəhəngdir, siz Dubayın yolu ilə getsəniz yaxşıdır.

Dubayda möhtəşəm binalar və nəhəng aeroflot inşa edilib, çox sayda ucuz aviadaşıyıcılar yaradılıb, bu aviadaşıyıcılar insanları dünyanın müxtəlif nöqtələrindən daşınmasını çox ucuz qiymətə həyata keçirir. Üstəgəl hamıya viza verirlər. Elektron anketi doldurusan, daha sonra viza elektron ünvana gəlir. Bütün bunları Azərbaycanda da tətbiq etmək lazımdır.

- Rusiyanın Türkiyə ilə münasibətlərinin pisləşməsindən sonra rusiyalı turistlərin Qafqaza axınını gözləyirsinizmi? Qafqaz ölkələri turistləri cəlb etmək üçün hansı addımları atmalıdır?

- Bəli, təbii ki, rus turistlərinin axını artacaq və biz bunu tezliklə hiss edəcəyik. Amma bilirsiniz, biz çətin ki, onlar üçün Türkiyəni əvəz edək. Səbəb isə çox sadədir, rus turistlərinin əksəriyyəti Antalya, Bodrum və Kəmərə gedirdilər, orada isə “all inclusive” xidmətli nəhəng otellər möcuddur. Məsələn, onlar tur üçün 500-800 dollar ödəyərək istədikləri qədər həm yeməyə, həm də içməyə öyrəşmişdilər.

Rus turistləri təxminən 25 milyon nəfərdir, bu qədər turist üçün isə Gürcüstan və Azərbaycanda belə komplekslər çox azdır. Mövcud infrastruktur belə böyük axını əhatə edə bilməz.

İkincisi isə onların iqlimi fərqlidir, Türkiyənin bu ərazilərində praktiki olaraq yağıntı olmur, Gürcüstanda isə yalnız Anakliyada quru hava şəraiti mövcuddur. Və əlbəttə ki, bu sayda rusiyalı turistləri cəlb etmək üçün “hər şey daxildir” xidməti olan komplekslər inşa etmək və ucuz uçuşlar təşkil etmək lazımdır.

- Bu yaxınlarda Gürcüstanın iqtisadiyyat naziri Dmitri Kumsişvili bəyan etdi ki, Gürcüstan turistlərin sayını 5 milyondan 10 milyona qədər artırmaq niyyətindədir. Necə düşünürsünüz, bu məqsədə çatmaq üçün hökumət hansı addımları atacaq? Bu realdırmı?

- Bu, tamamən realdır, cənab Kumsişvilinin Gürcüstanda turizmin inkişafı üçün çox gözəl və kreativ görüşü var və bu işləyəcək. 10-12 ildən sonra bura hər il 11 milyon turist səfər edəcək.

- Azərbaycanda turizmin inkişafında əsas çatışmazlıqları nədə görürsünüz?

- Bunlar deyərdim ki, Viza siyasəti, “OPEN SKY” siyasətinin olmaması və əyləncə məkanlarının kəskin çatışmazlığıdır.

Azərbaycanda nə qədər ki, heç olmasa Aİ vətəndaşları, yəni yetərincə yüksək təminatlı olan, gəlib burada pul xərcləyə biləcək insanlar üçün viza linerizasiyası yoxdur, turizm olmayacaq. Ona görə də ilk növbədə viza siyasətini nəzərdən keçirmək lazımdır.

İkincisi, sizə ucuz aviauçuşlar və “OPEN SKY” siyasəti lazımdır. Azərbaycana uçuşlar bahadır, sizdə müasir infrastruktur yaradılıb, amma sizə gəlmək çox məsrəflidir.

Üçüncüsü, Bakıda əyləncə məkanlarının kəskin çatışmazlığı var. Bu boşluqları doldurmaq lazımdır. Çünki turizmin inkişafına nail olmaq üçün siz özünüzü, məsələn, bir almanın yerinə qoymalısınız və düşünməlisiniz niyə bura gəlib və pul xərcləməlisiniz.

Mən hamıya Azərbaycanın infrastruktur, model və coğrafi yerləşməsinə görə Gürcüstandan 10 dəfə yüksək olduğunu danışıram. Azərbaycana nə isə öyrətməyə çalışan adam kimi görünmək istəmirəm. Mən Azərbaycana azarkeşlik edirəm, onu və xalqınızı çox sevirəm və sizdə turizmin inkişafını Gürcüstandan az olmamasını istəyirəm.

- Gürcüstanda Azərbaycandan böyük turist axını var və bu axın hər il daha da güclənir, gürcülər isə Azərbaycana əksər hallarda qazanc ardınca gəlirlər, bu nə ilə əlaqədardır? Gürcülər üçün turistik ölkəyə çevrilməsi üçün Azərbaycan hansı şərtləri təqdim etməlidir?

- Gürcüstanın turizm bazarı elə də böyük deyil. Gürcülər arasında xaricə səfər edənlərin sayı bir neçə yüz mindir. Gürcülərin əksəriyyəti evində dincəlir və yaxud da Türkiyə, Misir, Qoaya gedirlər. Tezliklə isə Avropa ilə vizasız rejim yaradılacaq, turistlərimiz əlbəttə ki, Avropaya üstünlük verəcək, belə ki, ora uçmaq bizə cəmi 19 avroya başa gəlir.  

- Azərbaycan ölkədə populyar tədbirlərin keçirilməsi üçün səy göstərir, FİA yarışları, “Eurovision”, Avropa Oyunları, bir neçə gündən sonra “Formula-1”, İslam oyunları və Avropa Kubokunun seçmə oyunları buna misal ola bilər. Gürcüstan isə əsasən festival və dünya ulduzlarının konsertlərinin keçirilməsinə səy göstərir. Necə düşünürsünüz, turistlərin cəlb edilməsi üçün bu konsepsiyalardan hansı daha səmərəlidir?

- Burada iş konsepsiyada deyil. Bu, ölkənin sahib olduğu – turizm srtategiyası adlanan böyük bir strategiyanın kiçik bir hissəsidir. Azərbaycanda bu strategiyanın nədən ibarət olduğunu bilmirəm, sizdə kütləvi tədbirlərə sərmayə yatırılmağı yaxşıdır. Pis olan isə birdəfəlik kütləvi tədbirlərin təşkil edilməsidir.

- Mənim üçün Gürcüstanın rəmzi şərab, şahzadə Tamara və əlbəttə ki, xəngəldir, bəs sizdə Azərbaycan ilə hansı assosiasiyalar yaranır?

- Qonaqpərvərlik, dadlı yemək və neft.

Elvin Əhmədov

0
33