Məmmədyarov: Qarabağda status-kvo etibarsızdır

Məmmədyarov: Qarabağda status-kvo etibarsızdır

XİN rəhbəri NATO-nun baş katibi ilə görüşdü.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi Cens Stoltenberq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Məlumata görə, Azərbaycanın NATO-nun Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Proqramı, Planlaşdırma və Təhlil Prosesi və Əməliyyat İmkanları Konsepsiyası proqramlarında fəal iştirakı təqdir olunub.

Həmçinin, Azərbaycanın Əfqanıstanda NATO qüvvələri üçün tranzit imkanlar təqdim etməsi, eləcə də sülh və təhlükəsizliyin təmin olunması məqsədilə həyata keçirilən Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) və Qətiyyətli Dəstək missiyalarına verdiyi töhfələri xüsusilə qeyd edilib.

Azərbaycanın Əfqanıstanla münasibətlərinin ikitərəfli əsasda da yüksək səviyyədə inkişaf etdiyi bildirilərək, Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın bu yaxınlarda Bakıya səfərinin buna bariz nümunə olduğu vurğulanıb.

Bakı-Tbilisi-Qars dəmir-yol xəttinin işə düşməsinin Əfqanıstanın regional nəqliyyat infrastrukturuna çıxış imkanlarını artıracağı bildirilib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolu qeyd olunaraq, TANAP və TAP qaz kəməri layihələrinin uğurla icra edildiyi söylənilib.

Nazir Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında ətraflı məlumat verərək, Vyana görüşünün substantiv danışıqlara başlamaq üçün əlverişli imkanlar yaratdığı vurğulanıb.

ATƏT Minsk qrupunun həmsədrləri və bütün beynəlxalq ictimaiyyətin mövcud status-kvonu etibarsız, qeyri-davamlı və qəbuledilməz hesab etdiyini deyən E.Məmmədyarov status-kvonun dəyişdirilməsi üçün işğal faktına son qoyulmasını və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırıb.

Görüşdə, həmçinin Azərbaycan-NATO münasibətlərinin gələcək perspektivləri, beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

0
10