Baş direktor: “Kulevi” neft terminalının tutum həcmi artırılır

Baş direktor: “Kulevi” neft terminalının tutum həcmi artırılır

“Kulevi” neft terminalının tutum həcmi hazırda 320 min kubmetrdir.

Köhnədən hazırlanmış layihə əsasında “Kulevi” terminalının həcminin 82 min kubmetr artırılması işləri aparılır.

Oxu.Az xəbər verir ki, bu sözləri “Kulevi” (Gürcütsanda yerləşir) neft terminalının direktoru Kərim Quliyev bildirib.

“Ümid edirik ki, böyük terminalın 70 min kubmetr olan hissəsi yaxın müddətdə tikilib başa çatdırılacaq. Geridə qalan 12 min kubmetr hissənin isə 2-3 ay ərzində başa çatdırılmağı nəzərdə tutulub”, - deyə baş direktor qeyd edib.

Onun sözlərinə görə, neft qiymətlərinin aşağı düşməsi sərmayə yatırımı üçün əlverişli şərait yaradıb:

“Əvvəllər də terminalın genişləndirilməsi planları var idi. Amma bir neçə il ərzində dünya bazarında neftin qiyməti aşağı düşdüyündən, investisiya üçün əlverişli şərait yaranıb. Tutum həcminin artırılması terminaldan istifadə edən neft alqı-satqısı ilə məşğul olan şirkətlər üçün əlavə imkanlar yaradır. Bizim məqsədimiz böyük tutum həcmi yaratmaqdır”.

Qeyd edək ki, “Kulevi” terminalı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.

SOCAR Kulevidə neft terminalını 2007-ci ilin yanvarında alıb, onun inşaatına və modernləşdirilməsinə 350 milyon dollardan çox sərmayə yatırıb.

Aşırma gücü ildə 10 milyon ton neft və neft məhsulları olan terminal vasitəsilə, bu məhsulların Azərbaycandan dünya bazarlarına nəqli həyata keçirlir.

Ülviyyə R. Əliyeva

0
17