Çin Azərbaycanla münasibətlərə böyük önəm verir

Çin Azərbaycanla münasibətlərə böyük önəm verir

Çin Azərbaycan ilə münasibətlərə böyük önəm verir. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı bildirib.

Ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda birgə qarşılıqlı fəaliyyətinin önəmini qeyd edən Çin nümayəndə heyətinin rəhbəri regional təhlükəsizlik işində də qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayıb. “Biz Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiya qoymağa təşviq edəcəyik”, - deyən qonaq Çinin Böyük İpək Yolunun bərpasında, eyni zamanda, sənaye istehsalı, neft-qaz sektoru, maşınqayırma, yüksək texnologiyalar, infrastruktur, təhsil, mədəniyyət, turizm və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Can Qaoli bildirib ki, Çin Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib və dəstəkləyir.

Prezident İlham Əliyev ölkələrimizin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq strukturlarda fəal əməkdaşlıq etdiyini bildirib, Çinin bu təşkilatlarda ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirib. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub, Ermənistanın təcavüzkarlıq siyasəti və münaqişənin həlli ilə bağlı aparılan danışıqlar prosesi barədə məlumat verib. Dövlət başçısı bildirib ki, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev ÇXR Sədri Si Cinpini onun üçün münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib. Dövlət başçısı ÇXR Sədrinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib.

0
20