Ermənistanda bir general və iki polkovnik həbs olunub - YENİLƏNİB

Ermənistanda bir general və iki polkovnik həbs olunub - YENİLƏNİB

Həbslər iki müxtəlif cinayət işi çərçivəsində həyata keçirilib.

Ermənistanın İstintaq Komitəsi ölkənin Müdafiə Nazirliyinin yüksək vəzifəli nümayəndələrinin saxlanılmasına dair iş üzrə təfərrüatları açıqlayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hərbçilər səhlənkarlıq və hakimiyyətdən sui-istifadədə ittiham olunurlar və onlar 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Silah İdarəsinin sabiq rəisi general-mayor Melsik Çilinqaryan və həmin idarənin Avtonəqliyyat Xidmətinin sabiq rəisi polkovnik Armen Sarkisyan saxlanılıb.

Bundan əlavə Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Departamentinin Kimyəvi, mühəndis və kəşfiyyat vasitələri ilə təminat şöbəsinin rəisi polkovnik Mqer Papyan da saxlanılıb.

İlkin istintaq işləri davam etdirilir.

11:47

Ermənistan Müdafiə Nazirliyinin bir sıra yüksəkvəzifəli işçiləri dünən axşam həbs ediliblər.

Oxu.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Mayın 30-da axşam saatlarında general Mels Çilinqaryanın, polkovniklər Mqer Papyanın və Armen Marqaryanın həbs edildiyini rəsmən təsdiq edirəm. Həbslər iki müxtəlif cinayət işi çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların qəbul edilməsindən, bəzi hallarda isə malların baha alınmasından gedir”, - Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan Aravot.am-a bildirib.

Mayın 31-də erməni KİV-də dünən axşam Ermənistan Müdafiə Nazirliyində həbslərin olduğu, əsasən də Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi, general-mayor Mels Çilinqaryanın həbs edildiyi barədə məlumat yayılıb.

0
44