Xətai parkında Avropa Qran Prisinə gerisayım saatı quraşdırılıb – FOTO

Xətai parkında Avropa Qran Prisinə gerisayım saatı quraşdırılıb – FOTO

Avropa Qran Prisinə 20 gün qalıb.

Bu il Bakının ev sahibliyi edəcəyi ən möhtəşəm yarışa – Formula 1 Avropa Qran Prisinə 20 günün qaldığı bir ərəfədə Bakıda Yusif Səfərov küçəsi boyunca yerləşən Şah İsmayıl Xətai parkında gerisayım saatı quraşdırılıb. 

Oxu.Az xəbər verir ki, modern üslubda hazırlanan installyasiya şəhərin qonaqlarına və sakinlərinə Formula 1-in bu ilki mövsümünün 8-ci yarışı olan Avropa Qran Prisinin başlamasına qalan vaxtı göstərir. 

Paytaxtın ən işlək küçələrinin biri üzərində quraşdırılmış gerisayım saatı ictimaiyyət arasında Azərbaycanda ilk dəfə keçiriləcək Formula 1 yarışına diqqəti cəlb etməklə yanaşı bu yarışa marağın artmasına kömək edəcək.

Avropa Qran Prisinə hazırlıq işlərinin əksəriyyətini uğurla başa vuran əməliyyat şirkəti hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yarışın keçirilməsi üçün gərəkli olan bütün hazırlıq işlərini iyunun 16-dək tam başa vurmaq əzmindədir.

Artıq Paddok ərazisində yerləşən Pit binasının, Beynəlxalq Avtomobil Federasiyası, Formula Bir Rəhbərliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, komandalar və yarışla əlaqədar digər iştirakçıların ofislərinin tikintisi başa çatıb. Hazırda bu tikililərdə texniki avadanlıqlar quraşdırılmaqdadır. Paddok ərazisində görülən bütün hazırlıq tədbirlərinin iyunun 6-dək yekunlaşdırılaraq əlaqədar tərəfdaşlara təhvil verilməsi nəzərdə tutulub.

Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq 9 tribunadan 7-nin tikintisi artıq başa çatıb. Hazırda 5 min nəfərlik yerə sahib Abşeron tribunasının tikintisi davam edir. Azneft tribunasının quraşdırılmasına isə iyunun 2-də start veriləcək. 

Bu zaman Neftçilər prospektinin Azneft dairəsinə düşən hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bundan əlavə, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvar hissəsində də hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir. 

0
7