Cudoçumuz Meksikada qızıl medal qazandı

Cudoçumuz Meksikada qızıl medal qazandı

Cüdo üzrə Azərbaycan yığması Meksikada daha bir qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, Qvadalahara şəhərində keçirilmiş “World Masters” turnirinin son günündə Elmar Qasımov bütün rəqiblərini məğlub edib.

100 kq çəki dərəcəsində mübarizə aparan idmançımızın ilk rəqibi 1/8 final mərhələsində braziliyalı Lusiano Korrea olub. Bu rəqibinə qalib gələn həmyerlimiz ardınca müvafiq olaraq, əlcəzairli Layes Buyakub və isveçli Martin Paçeki məğlub edərək, finala adlayıb. Həlledici görüşdə Qasımovun rəqibi fransalı Kirill Maret olub. Bu rəqibinə də göz açmağa imkan verməyən millimizin üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu çəki dərəcəsindəki digər təmsilçimiz Elxan Məmmədov isə uğursuzluğa düçar olub. İlk görüşündəcə kubalı rəqibi Xose Armenterosa uduzan Məmmədov mübarizəni dayandırıb.

Qeyd edək ki, buna qədər Orxan Səfərov (60 kq) qızıl, Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bürünc medal qazanmışdılar. Azərbaycan millisi isə 2 qızıl, 2 bürünc medalla komanda hesabında 51 ölkə arasında 2-ci yeri tutub. Ümumi sıralamada yalnız Yaponiyadan (5 qızıl, 2 bürünc medal) geri qalan komandamız kişilərin yarışında birinci olub.

0
20