Telman İsmayılovun müflis olması barədə hökm ləğv edildi

Telman İsmayılovun müflis olması barədə hökm ləğv edildi

Moskva Dairə Arbitraj Məhkəməsi apelyasiya məhkəməsinin tanınmış iş adamı, AST şirkətlər qrupunun prezidenti, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun müflis olması barədə hökmün ləğv edilməsinə dair qərarını qüvvədə saxlayıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məhkəmənin çıxardığı qərarda bildirilir.

Qeyd edək ki, Moskva Vilayət Arbitraj Məhkəməsi 2015-ci ilin dekabrında vətəndaş Boris Zubkovun ərizəsi əsasında Telman İsmayılovun  müflis olunması barədə hökm çıxarmışdı.  Lakin Doqquzuncu Arbitraj Apelyasiya Məhkəməsi 2016-cı ilin martında bu qərarı ləğv edib.    Məhkəmə Zubkovun Telman İsmayılova 15 milyon rubl məbləğində borc verməsi və yaranmış borcun onun müflis elan edilməsi üçün əsas olması barədə iddiasını sübuta yetirilməmiş hesab edib.  

Moskva Dairə Arbitraj Məhkəməsi apelyasiya məhkəməsinin mayın 26-da Telman İsmayılovun müflis olması barədə hökmünün ləğv edilməsinə dair qərarını qüvvədə saxlayıb və beləliklə Zubkovun bu qərara verdiyi kasasiya şikayətini də təmin edilməyib.

Qərarın ləğvindən sonra Moskva Vilayət Arbitraj Məhkəməsi tərəfindən qeyd olunan işə daxil edilmiş digər kreditorların ərizələrinin baxılmasına başlanılıb.  Telman İsmayılovun müflis olunması barədə özünün ərizəsinə, daha sonra isə Vitali Maşitski və Moskva Bankının ərizələrinə baxılacaq.

Fevralın 25-dək İsmayılova qarşı 10 kreditor (9 şirkət və 1 fiziki şəxs) tərəfindən tələb irəli sürülüb.

Rusiyanın "Moskva bankı" ("Bank Moskvı", VTB qrupu) Telman İsmayılova qarşı 286,4  milyon dollar və 3,4 milyard rubl məbləğində iddia qaldırıb. Bundan başqa bir neçə Kipr şirkəti İsmayılova qarşı 120 milyardlıq iddia irəli sürüb. “UK Kapital” MMC tərəfindən  5,6  mlrd. rubl və 6,8 mlrd. rubllıq tələb irəli sürülüb. Yuxarıda adı çəkilən Maşitski isə Telman İsmayılovun ona  2 milyard rubl məbləğində borcu olması barədə iddia irəli sürüb.  

0
37