Türkiyə Azərbaycanı Qarabağ məsələsində dəstəklədi

Türkiyə Azərbaycanı Qarabağ məsələsində dəstəklədi

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin davamı üçün üzərimizə düşən vəzifələri yerinə yetirməkdə qərarlıyıq”.

Ermənistanın haqsız işğal və təcavüzünə dərhal, qeyd-şərtsiz son verilməsini istəyirik. Bütün dünyaya bunu bəyan edirik. Azərbaycanın əlinə tikan batsa, Türkiyənin ürəyinə tikan batar.

Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyində Cümhuriyyətin 98-ci ildönümü ilə bağlı təşkil olunan qəbul zamanı bildirib.

Y. Topçu Azərbaycan torpaqlarının işğalına son verilməsi üçün beynəlxalq ictimaiyyəti fəaliyyət göstərməyə çağırıb.

Türkiyə baş nazirinin müavini Toğrul Türkeş də çıxışı zamanı Türkiyənin Azərbaycanla hər sahədə münasibətləri inkişaf etdirmək üçün əzmli olduğunu deyib. Ötən ayın əvvəllərində Ermənistan tərəfinin hücumu ilə başlayan toqquşmaları Türkiyənin yaxından izlədiyini söyləyən T. Türkeş qardaş Azərbaycan xalqına hər cür dəstəyə hazır olduqlarını diqqətə çatdırıb: 

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin davamı baxımından ölkəmizin üzərinə düşən məsuliyyəti dərk edirik. Bu məsuliyyətdən irəli gələn vəzifələrimizi də yerinə yetirməkdə qərarlıyıq. Türkiyə xalqı yaxşı gündə olduğu kimi, pis gündə də azərbaycanlı qardaşlarının daim yanında  olub, bundan sonra da olmağa davam edəcək”.

Jurnalistlərin suallarını cavablandıran  nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan isə Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ilin əvvəlində istismara verilməsinin əsas hədəf olduğunu deyib.

Öz növbəsində, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iki ölkə arasındakı dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib.

0
19