Azərbaycan Xalq Cümhuriyyətinin mirası – FOTO

Azərbaycan Xalq Cümhuriyyətinin mirası – FOTO

8 güşəli ulduz Azərbaycan sözünün əski əlifbada 8 hərfə bərabər olduğu “Od Yurdu” deməkdir.

Bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 98 ili tamam olur. İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi dövlət müstəqilliyinin bərpa edilməsi günü hazırda Respublika Günü kimi qeyd edilir.

Məhz bu gün ilə əlaqədar biz, Oxu.Az olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin bizlərə qoyduğu ən mühüm miras – üçrəngli bayrağımızla bağlı yazı hazırlamaq qərarına gəldik və bu məqsədlə də tariximizin, dövlət rəmzlərimizin təbliğ olunmasında müstəsna rolu olan Dövlət Bayraq Muzeyinə yollandıq.

Dövlət Bayraq Muzeyinin direktoru Könül İmamverdiyeva bildirdi ki, dövlət rəmzlərinin təbliğ olunması məqsədilə muzeydə böyük işlər görülür. 

Əsasən gənclərə dövlətçilik tarixi təbliğ edilməklə yanaşı, dövlət rəmzlərinə olan münasibət yüksək səviyyədə formalaşdırılır.

Ümumiyyətlə bəşər tarixində bayrağın bir simvol kimi yaranması tarixi haqqında məlumat verən Könül İmamverdiyeva qeyd edib ki, tarixdə məlum olan ipək parçadan hazırlanmış ilk bayraq qədim Çində qaldırılıb. 

Bayraqların ilkin forması ştandart olmuşdur. Ştandart müasir Avropa dilində “sancaq” termininə yaxındır.

Ştandart formasında meydana gələn bayraqlar uzun bir təkamül yolu keçmişdi. Tədricən bayraq ucluqları kiçilir, parça hissəsi böyüdülürdü. Müasir anlamda isə bayraq üç hissədən ibarədir – dirək, parça hissəsi və ucluq.

Tarixə nəzər saldıqda bayraq hər zaman böyük önəm kəsb edib. Hətta qədim qəbilə başçılarının, hökmdarlarının öz hakimiyyət rəmzi kimi müxtəlif bayraqları mövcüd idi.

5000 ilə qədər dövlətçilik tarixi olan Azərbaycanda aşkar edilmiş ştandartların əksəriyyəti  taxta sapa taxılmış buynuzlu heyvan təsvirləridir.

Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin hökmdarlarının şəxsi bayraqları olub. Bu bayraqlar üçkünc və dördkünc formada idi. Onların arasında fərq ondan ibarətdir ki, üçkünc hökümdarların döyüş bayrağı, dördkünc isə yalnız dövlət bayrağı idi.

Misal üçün qeyd edək ki, Səfəvi hökmdarı Şah İsmayılın bayrağı yeganə olaraq Bayraq Muzeyində saxlanılır. Bayraq o zaman döyüşçüləri ruhlandırırdı və üzərində müxtəlif sözlər yazılırdı. Şah İsamyılın bayrağı ağ rəngdə idi, üzərində də “Allahdan kömək və yaxın qələbə” yazısı əks olunmuşdu.

Səfəvilər dövlətinə aid bayraqlar XVI  əsr Təbriz miniatürlərində təsvir edilib. Bu bayraqların üzərində Qurandan kəlamlar öz əksini tapmışdır.

Muzeydə  Bakı, Gəncə, İrəvan və Şəki xanlıqlarına aid bərpa olunmuş bayraqlar və eyni zamanda XVIII əsrə aid Şəki Xan Sarayında divar rəsmlərdən olan 28 növ bayraqdan bir qismi nümayiş olunur. Üzərlərində müxtəlif nişanlar: qılınc, günəş, şir əks olunub.

Müsəlman Şərqində ilk cümhuriyyətdən – Azərbaycan Xalq Cümhuriyyətindən bizə qalan isə bugünkü müstəqil Azərbaycan Respublikasının üçrəngli bayrağıdır. 

28 may 1918-ci ildə Tbilisidə Azərbaycanın müstəqilliyini elan edən milli azadlıq hərəkatının liderləri qısa bir zamanda dövlət rəmzlərimizin yaradılması ilə bağlı işlərə başladılar. 

İlk bayrağımız Gəncədə Müvəqqəti hökumət tərəfindən 21 iyun 1918-ci ildə qəbul olundu.

Onu da qeyd etmək lazımdır ki, cümhuriyyətin ilk bayrağı üç rəngdən ibarət olmayıb. 

Belə ki, Gəncədə qəbul edilən və Türkiyənin dəstəyi və birbaşa iştirakı ilə yaradılmış Qafqaz İslam Ordusunun başı üzərində Bakı uğrunda döyüşlərə apardığı müstəqillik simvolu ağrəngli aypara və səkkizgüşəli ulduz təsviri olan qırmızı bayraq idi.   

Lakin sonradan ölkə əhalisinin dini inancı və milli kimliyini vurğulamaq üçün bayrağın üzərində dəyişiklik aparıldı və 9 noyabr 1918-ci ildə bu gün hər birimizin qürur duyduğumuz üçrəngli bayrağımız AXC-nin dövlət bayrağı kimi qəbul olundu.  

Rənglərlə bağlı o zaman Xalq Cümhuriyyəti nümayəndələri açıqlama vermişdilər – qırmızı rəng dünyəvilik, yaşıl – İslam, mavi isə türkçülüyün rəmzi idi.

Lakin həmin dövrdə aypara və ulduzla bağlı bir məlumat açıqlanmamışdı. 

Ümumi qəbul olunmuş fikirlərə görə, aypara müsəlman aləminin bir nişanı hesab edilir, 8 güşəli ulduz da qədim türk xalqlarının simvoludur. Lakin bəzi alimlərin fikrinə görə, 8 güşəli ulduz Azərbaycan sözünün əski əlifbada 8 hərfə bərabər olduğu “Od Yurdudur”. 

Bu Cəfər Cabbarlının şeirində də əks olunub.

Əl ilə tikilən, bu il 98 yaşını qeyd edəcək bu bayrağımız Osmanlı İmperiyasının İstanbul şəhərində diplomatik nümayəndiliyimizin binası qarşısında dalğalanırdı. 

Bayrağın uzunluğu 2 metr, eni isə 1 metrdir.

AXC cəmi 23 ay yaşadı. Daha sonralar, Sovet dönəmində Azərbaycan bayrağı 9 dəfə dəyişdirildi. 

Və növbəti dəfə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik rəmzi olan bayraq 5 fevral 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Respublikası tərəfindən təsdiq olundu.

Bu gün Azərbaycanın üçrəngli bayrağı təkcə dövlət rəmzi olmayıb, həm də ürəyi Azərbaycan ilə döyünən hər bir həmvətənimizi, soydaşımızı birləşdirən başlıca dəyər, müstəqilliyimizin, Azərbaycan xalqının azadlıq eşqinin rəmzidir. 

Xalq Cümhuriyyətinin əsas liderlərindən olan Məmməd Əmin Rəsulzadə məhz bu üçrəngli bayrağı göstərərək bu azadlıq rəmzinin daima başımızın üstündə dalğalanacağını bildirərək demişdi: 

“Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev

0
32